“Pul xərclənir, amma rəqəm yerində sayırsa, deməli, nələrsə düz edilmir”

Rövşən Ağayev: “Azərbaycan region ölkələr arasında adambaşına milli gəlirini orta Avropa səviyyəsinə ən gec çatdıracaq ölkə kimi proqnozlaşıdırlıb”

 İqtisadçı Rövşən Ağayev hazırda Milli Məclisin müzakirəsində olan 2019-cu ilin büdcəsi ilə bağlı yaranan suallara cavab verir.

 Rövşən bəy, əksər müsahibələrinizdə bildirirsiniz ki, hökumət nəticə əsaslı büdcə tərtib etməlidir. Nədir “nəticə əsaslı büdcə”?

– Müstəqil ekspertlər nəticə əsaslı büdcəni son 10 ildə daim gündəmdə saxlayıb və sovet dövrünün sonlarından qalma, heç bir səmərəlilik və nəticə göstəricisinə əsaslanmayan büdcə tərtib etmək praktikasından imtina olunmasını təklif ediblər. Son 25-30 ildə Qərbdə ictimai maliyyə menecmentində köklü dəyişiklik baş verdi və nəticə əsaslı büdcə mexanizmi ortaya çıxdı. Nəticə əsaslı büdcə odur ki, hökumətin xərc prioritetləri ilə strateji inkişaf prioritetləri əlaqələndirilir, hökumət öncədən proqnozlaşdırdığı və həmin proqnozlara uyğun vəsait ayırdığı nəticənin reallaşdırılması üçün məsuliyyət daşıyır. Bu cür büdcə menecmentinin tətbiq edildiyi şəraitdə dövlət idarələrinin strateji planları olur, həmin planlarda hər bir qurumun əsas funksiyalarına uyğun məqsəd və hədəfləri müəyyənləşir, sərəncamlarında olan resursların məqsəd və hədəflər istiqamətində ayrılmasını özündə əks etdirən büdcə planları hazırlanır. Büdcə sənədlərində strateji planlar əsasında müəyyən edilən hədəflərə uyğun fəaliyyətlər, bu fəaliyyətlərin nəticələrini ölçmək üçün kəmiyyət və keyfiyyət göstəriciləri sistemi, hər bir fəaliyyətin icrası üçün tələb edilən resursların həcmi əksini tapır. Problem onda deyil ki, nəticəyə yönəlik büdcə mexanizmləri olmayanda dövlət orqanları öz vəzifələrinin öhdəsindən, ümumiyyətlə, gələ bilmirlər. Sadəcə bu cür büdcə menecmenti yoxdursa, hökumətin malik olduğu resursları tələb olunan nəticələr əsasında bölüşdürmək onlar üçün mümkün olmur. Hökumətin öz fəaliyyətini nəticələri ölçməyə imkan verən göstəricilər və meyarlar əsasında qurması mürəkkəb, amma mümkün məsələdir. Belə bir yanaşma mövcuddur ki, insanlar qiymətləndirə bildikləri hadisə və prosesləri idarə etmək və yönlədirmək imkanına malik olurlar. Bu yanaşma dövlət idarəetməsi üçün də keçərlidir. İdarəçilər öz fəaliyyətlərini qiymətləndirə bilmədikdə nə onu təkmilləşdrimək, nə də idarəetmə prosesi üzərində effektiv nəzarəti təşkil etmək imkanına malik olurlar. Hökumət yaxın 3, 5 və 10 illlik dövr üçün təhsil, elm, səhiyyə, aqrar sektor, regionların inkişafı üzrə strateji prioritetlərini cəmiyyətə elan edirsə, həmin prioritetlərə hər il nə qədər resurs xərcləndyini, ilin yekununda hansı nəticələr əldə olunduğunu ölçülə bilən məlumatlar əsasında bilmək də cəmiyyətin haqqıdır. Doğrudur, hər bir ölkənin strateji prioritetləri arasında təhsil və səhiyyə həmişə olur, amma ilk beşliyi tərtib edəndə müəyyən dəyişikliklərin olması mümkündür. Tutaq ki, hansısa ölkə üçün bir mərhələdə regional iqtisadi inkişafda bərabərsizlik, digər üçün səhiyyə və ya təhsil ön yerdə gələ bilər. Bəzi hökumətlərin strateji planları daha uzun müddətli olur və həmin strategiyada müəyyən olunan hədəflərə yetişmək üçün ortamüddətli proqramlar və fəaliyət planları qəbul edilir. Məsələn, Qazaxıstanda “Qazaxıstan 2050” sənədi var. Bu, artıq rəsmi Astananın həmin ilə qədər strateji vizyonunu göstərir. Azərbaycanda son vaxtlara qədər belə sənəd “Azərbaycan 2020” adlı strategiya olub. 2016-cı ildə isə “Strateji Yol xəritələri” təsdiqləndi və xəritədə hökumət daha uzunmüddətli dövr üçün – 2025-ci il və sonrakı dövr üçün vizonunu müəyyənləşdirib. Qarşıdakı dövr üçün adambaşına düşən ümumi daxili məhsulun (ÜDM), o cümlədən qeyri-neft ÜDM-nin və qeyri-neft ixracının həcmi, kiçik və orta sahibkarlığın büdcədə və ixracda payı kimi vacib göstəricilər üzrə hədəflər artıq var. Yaxud 2013-cü ildə qəbul edilmiş təhsil strategiyasında məktəbəqədər təhsillə əhatə səviyyəsini hazırkı 20-25 faizdən 90 faizə çatdrımaq hədəflərdən biridir. İndi büdcə sistemində islahatların qarşısında duran əsas vəzifə budur ki, bilavasitə ictimai qaynaqlar hesabına hər il bu hədəflərlə bağlı fəaliyyətlərə nə qədər resurs xərcləndiyini, hər ilin soununa xərclənmiş resursların bizi son hədəfə nə qədər yaxınlaşdırdığını ortaya qoyan strateji palnlaşdırma və hesabatlılıq mexanizmini hərəkətə gətirsin. Məsələn, bizə 2030-cu ilədək məktəbəqədər təhsilin 6 yaşadək uşaqların 90 faizini əhatə edəcəyilə bağlı rəsmi şəkildə söz verilibsə, hər ilin sonuna dinamikadakı inkişafı da görməliyik.

“Regional inkişaf üçün pul ayrılıb, amma deyilməyib ki…” 

 – Hökumət dövlət proqramları qəbul edir. Regionların sosial-iqtisadi inkişafına dair 3 proqram icra edib və biz bu xərci büdcədə gördük. Bəs real həyatda nəticəsini niyə görə bilmədik?

– Pul xərclənir, amma rəqəm yerində sayırsa, deməli, nələrsə düz edilmir. Bu, regional inkişafla bağlı qəbul edilən proqramlara və xərclənən pullara da aiddir. Siz son 15 ilin büdcə sənədlərində bilavasitə bu proqramların hədəflərinə və həmin hədəflərə nailolma səviyyəsinə uyğun göstəricilərə görə vəsait ayrılması təcrübəsinə rast gələ bilməzsiniz. Regional inkişaf üçün pul ayrılıb, amma deyilməyib ki, bu vəsaitin xərclənməsi nəticəsində qarşıdakı 1 və ya 3 ildə regionlarda hansı dəyişkliliklər baş verəcək.

Elə nəticə əsaslı büdcənin üstünlüyü odur ki, həm də “həyəcan siqnalı” funksiyasını yerinə yetirən bir mexanizmdir. Gərək hökumət hər il büdcəni tərtib edəndə büdcədən vəsait alan nazirliyin, agentliyin, komitənin, o cümlədən regional inkişafa məsul qurumun strateji planı olsun. Həm də yeni büdcə mexanizmi şəraitində yalnız Maliyyə Nazirliyi bütün nazirliklər adından parlamentə büdcə təqdim etmir. Hər bir nazirlik deputatların qarşısına 3-5 illik strateji planlarla çıxır və bununla da proqnozlaşdırılan nəticənin reallaşdırılması ilə bağlı üzərinə məsuliyyət götürmüş olur. Cəmi 1 il sonra isə həmin büdcənin icrasının nəticələrini təqdim etmək üçün parlament tribunasına yenidən çıxıb, suallara cavab verməli olur. İndi belə bir mexanizm çalışmır. Həm də bu normal şərtlərlə çalışan parlamentin və qanunverici orqan qarşısında gerçəkdən hesabatlı olan icra hakimiyyətin mövcudluğu şəraitində mümkün olur.

“Vergilər Nazirliyinin öhdəliyi yerində sayır”

 Rövşən bəy, söhbətin istiqaməti hazırda müzakirə predmeti olan 2019-cu ilin büdcəsinə gəldi. Vergi yığımlarında əsaslı dəyişikliklər hiss edilir, məsələn, sadələşmiş və fiziki şəxlərin gəlir vergilərində kəskin azalma göstərilir. Sizcə, büdcənin vergi yığımları niyə bu qədər daralıb?

– Ümumi büdcə nisbətində götürdükdə, 2018-ci ilə nisbətən vergi yığımlarında məbləğ etibarı ilə kəskin azalma yoxdur. Gələn il üçün Vergilər Nazirliyinin büdcədə payı 32 faiz proqnozlaşdırılır. Lakin bu son 5 ildə ən aşağı göstərcilərdən biridir. 2015-ci ildən əvvəl Vergilər Nazirliyinin büdcədə payının 40 faizə çatdığı illər olub. Problem odur ki, iqtisadiyyatın nominal göstəriciləri böyüyür və nəzərə alaq ki, vergilərin həcminə təsir göstərən əsas amillərdən biri budur, amma Vergilər Nazirliyinin öhdəliyi yerində sayır. Məsələn, 2013-2014-cü illərdə Vergilər Nazirliyi 7,1- 7,2 milyard vəsait yığırdısa, 2019-cu ildə 7,3 milyard proqnozlaşdırılır. Hətta 2017-ci ildə 7 mlrd. manatdan da aşağı düşmüşdü. Ötən dövrdə ÜDM nominal həcmli 20 milyard manatdan və 20 faizdən çox artır, amma vergi yığımlarının həcmi dəyişmir və ÜDM-də payı kiçilir.

 Nə üçün?

– Hökumətin bununla bağlı öz arqumentləri var. İqtisadiyyata çoxlu vergi güzəştləri verdiklərini deyirlər. Məsələn, investisiya təşviqi sənədi mexanizmi işə düşüb və bu mexanizm çərçivəsinə düşən biznes üçün 7 il müddətinə mənfəət vergisinin 50 faizi, əmlak, torpaq vergiləri və ƏDV-nin tamamı güzəşt olunur. Oxşar güzəştlər sənaye və texnologiya parklarında yer alan iş adamlarına da şamil edilir. Ancaq bu gedişatda şəffaflıq önəmlidir. İndi parlamentə təqdim edilən büdcə zərfində belə bir hesablamanın nəticəsi açıqlanmalıdır ki, verilən güzəştlər nə qədər sahibkarı əhatə edir, onların faktiki dövriyyəsi, yaratdıqları əlavə dəyər nə qədərdir, onlar üçün verilən güzəştlərdən büdcə real olaraq nə qədər itirir? Ona görə kimsə deyə bilməz ki, vergi yığımının yerində saymasının əsas səbəbi məhz güzəştlərdir. Bu arqument deyilirsə, rəqəmli əsaslandırılması da olmalıdır. Hökumətin belə əsaslandırmasının və müstəqil təhqiqatların yoxluğu səbəbindən burda yalnız iqtisadiyyatın vergi potensialının zəifliyi və “qara iqtisadiyyat”ın miqyasının böyüklüyü haqda danışa bilərik. Reallıq odur ki, bunun ikisi də paralel mövcuddur. İqtisadi potensialın böyük olmaması qeyri-neft ixracında özünü göstərir. ABŞ, Rusiya, Çin kimi ölkələr, hətta Türkiyə iqtisadiyyatda daxili tələb hesabına müəyyən artımı təmin edə bilirlər. Azərbaycan kimi məhdud daxili, az əhali sayına malik ölkələrin böyüməsi və inkişaf etməsi üçün çıxış yolu ixrac potensialından maksimum səmərəli istifadə etməkdir. Baxın, bizdə vergilər kimi qeyri-neft ixracı da yerində sayır. Belə ki, bu ixracın hazırkı həcmini ilin sonuna kimi təxminən 1.6 mlrd. dollar gözləyirəm. 2015-ci ildən əvvəl Azərbaycanda qeyri-neft ixracının bu həcmdə olduğu illər olmuşdu. Başqa tərəfdən, qeyri-neft ixracının neftdən kənar ÜDM-də payı 5 faiz ətrafındadır ki, bu da həddən artıq aşağı göstəricidir. Qeyri-neft ixarıcının məhdudluğu, eyni zamanda dünya bazarına yüksək əlavə dəyərə malik bahalı texnoloji və sənaye məhsullar ilə çıxmaq üçün imkanlarımızın olmaması səbəbindən iqtisadiyyatın vergi potensialı da böyüyə bilmir. (Meydan TV)

Müsahibənin davamı