Dövlət orqanları maliyyə hesabatlarını dərc etməli olacaq

Dövlət qurumları, habelə dövlətlə bağlılığı olan digər qurumlar illik maliyyə hesabatlarını, büdcədən aldıqları vəsaitləri hara xərcləmələri barədə bilgiləri hər il aprlein 30-dək öz saytlarına daxil etməlidirlər. Nazirlər Kabinetinin noyabrın 27-də qəbul etdiyi qaydada belə yazılır.

Baş nazirin imzaladığı sənəd “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın İnternet informasiya ehtiyatlarında açıqlanması qaydası” adlanır.

Sənəd dövlət qurumlarının, habelə büdcədən pay alan digər qurumların illik maliyyə fəaliyyəti haqqında bilgilərin onların saytlarında açıqlanmasının detallarına aydınlıq gətirir.

Sənədə görə, qayda büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcədənkənar dövlət fondlarına, səhmlərinin 30 faizi və ya daha artığı dövlətə məxsus olan qurumlara şamil edilir.

Sənəddə informasiyaların açıqlanmasına dair dəqiq tələblər əksini tapır, belə ki, qaydanın aid edildiyi qurumlar illik maliyyə fəaliyyətləri, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaları öz İnternet saytlarına yerləşdirməlidirlər.

Qurumlar bunu hesabat dövrü başa çatdıqdan sonra, sonrakı ilin aprel ayının 30 dan gec olmayaraq etməlidirlər.

Qurumların saytlarında açıqlanan informasiyalara çıxış sərbəst və ödənişsiz olmalıdır.

Qaydaya görə, informasiyalar standart proqram təminatları vasitəsilə oxuna bilən, mətnin istənilən fraqmentinin köçürülməsinə və axtarışına imkan verən fayl formatında olmalıdır.

Yerli qanunvericilik ictimai informasiyaların qapalı tutulmasını inzibati pozuntu sayır. İnzibati Xətalar Məcəlləsi informasiya əldə etmək haqqında qanunvericiliyin pozulmasına görə cərimə cəzası nəzərdə tutur.

Məcəlləyə görə, informasiya sahibi açıq informasiyanı verməszə, sorğuçuya bilərəkdən yanlış informasiya verərsə, fiziki şəxslər 100-150, vəzifəli şəxslər 500-700, hüquqi şəxslər isə 500-2500 manatadək cərimə ediləcəklər.

İnformasiya sahibini “İnformasiya əldə etmək haqqında” qanunun tələblərini pozmağa görə 100-1500 manat cərimə gözləyir.

Jurnalist sorğusuna qanuni qaydada cavab verməməyin cəzası isə 200-300 manat cərimədir.

Turan