Vergi ödəyicilərinin satışa çıxarılan əmlakının elektron bazası yaradılacaq

Ədliyyə Nazirliyinin səlahiyyətləri genişləndirilib. Bu quruma vergi ödəyicilərinin siyahıya alınmış əmlakının satışı ilə bağlı bir sıra səlahiyyətlər verilib. Nazirlik haqqında Əsasnaməyə müvafiq düzəlişlər barədə fərmanı prezident İlham Əliyev oktyabrın 5-də imzalayıb.

Sənədə əsasən, Ədliyyə Nazirliyi vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatları ictimaiyyətə çatdıracaq. Qurum satışa çıxarılan əmlakının elektron bazasını yaratmalıdır.

Ədliyyə Nazirliyi rübdə bir dəfə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait, eləcə də satılması üçün icra məmurlarının sifarişləri barədə rüblük məlumatı Vergilər Nazirliyinə təqdim etməlidir.

Hazırda vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi borcunun icbari ödənilməsi üçün açıq hərraclarda satılır. Bu barədə informasiya Vergilər Nazirliyinin mətbu orqanında dərc edilir.

Turan