Azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi qaydaları məlum olub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilən Cəzaların İcrası Məcəlləsinə yeni VII-I Fəslinin (Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası) əlavə edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasına başlanılması qaydası maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasını həyata keçirən icra məmuru məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün surətini və həmin hökmün icrası barədə göstərişi aldığı vaxtdan üç gün müddətində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildiriş göndərir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir.

Layihədə cəzanın çəkilmə qaydası müvafiq maddələr üzrə açıqlanıb.

Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəzası bu il Cinayət Məcəlləsinə əlavə olaraq qəbul edilib.

Yeni cəza məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.

Cəza 6 aydan 5 ilə qədər hesablanır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.