Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

“Son 3 ayda vergi qeydiyyatına alınmış kommersiya hüquqi şəxslərinin 81,3%-i elektron şəkildə müraciət edib”.

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda bu rəqəm 69,8% olub: “Bu isə təxminən 11-12%-lik artım deməkdir”.

Nazirlik rəsmisi yaxın günlərdə fiziki şəxslərin də elektron qaydada qeydiyyata alınacağını açıqlayıb: “Artıq fiziki şəxslərin də elektron şəkildə qeydiyyata alınmasına başlamağı düşünürük. Bununla bağlı iş gedir. Fiziki şəxslər də FİN-kod və mobil identifikasiya vasitəsi ilə onlayn rejimdə qeydiyyata alınacaq”.

Ə.Məmmədov Nazirliyin “Asan İmza” sertifikatlarının da elektron şəkildə verilməsinə hazırlaşdığını qeyd edib: “Artıq biz bu məsələnin üzərində işləyirik. Daha “Asan İmza” sertifikatları təkcə kağız formada deyil, həm də elektron şəkildə təqdim ediləcək. Həmçinin bu yolla elektron imza sahibləri onun müddətini də uzada biləcəklər”.