Generalın qaynının məhkəmə istintaqı yekunlaşdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq, sənəd saxtakarlığı və digər cinayətlərdə təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərər çəkmiş E.Şəkinskinin nümayəndəsi məhkəmənin ədalətli qərar qəbul edəcəyinə inandığını və işi məhkəmənin mülahizəsinə buraxdığını deyib.

Prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.

O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

Zərərçəkmiş qismində E.Şəkinski tanınır.

General-mayor E.Şəkinski Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisidir.