“Art Makers” layihəsi start götürür

Bərdədə “Art Makers” adlı sosial biznes layihəsi başlayır

Layihə çərçivəsində Bərdə və ətraf rayonlarda yaşayan evdar qadınların əl işi bijuteriya məhsullarının sərgisi keçiriləcək. Daha sonra həmin qadınların hazırladıqları məhsullar www.jwlry.az onlayn bijuteriya satış platformasında yerləşdiriləcək və məhsulların satışı internet vasitəsilə bütün Azərbaycanı əhatə edəcək.

Layihə rəhbəri Ülviyyə Babayevanın verdiyi məlumata görə, bu biznesin əsas məqsədi bijuteriya məhsulları hazırlama bacarıqları olan, Bərdə və ətraf rayonlarda yaşayan qadınların əl işlərinin jwlry.az saytı vasitəsilə satılması və maddi gəliri aşağı olan qadınlara dəstək olunmasıdır: “Rayon yerlərində qadınların boş vaxtlarında hazırladıqları məhsullar İKT bacarıqları zəif olduğundan və müştərilərə çatımlılığı olmadığından əldə qalır və gəlir gətirmək əvəzinə, sadəcə asudə vaxtlarını keçirmək üçün bir məşğuliyyət olaraq qalır. Halbuki, evdar qadınlar hazırladıqları məhsulları satmaqla həm öz ailə büdcələrinə töhvə verə bilərlər, həm də əl işinə tələbatı qarşılayarlar. Biz bu layihə ilə həm alıcıların tələbatını ödəməyi, həm də qadınların büdcəsinə qismən də olsa fayda verməyi planlayırıq”.

Hazırda sərginin baş tutması üçün layihəyə qoşulmaq istəyən qadınlar axtarılır.

Qeyd edək ki, “Art Makers” layihəsi Amerika Səfirliyinin dəstəyi ilə Education Hub təşkilatı tərəfindən keçirilən SEL layihəsi çərçivəsində maliyyələşdirilir. ( http://bolgeninsesi.org )