İş yerini dəyişmək istəyən müəllimlərin diqqətinə

“Müəllimlərin iş yerini dəyişməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 3-də başlayacaq”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə deyib.

Onun sözlərinə görə, sənəd qəbulu iyunun 10-a kimi davam edəcək.

Nazirlik rəsmisi qeyd edib ki, müsabiqə isə iyunun 24-nə qədər baş tutacaq: “İş yerini dəyişmək istəyən müəllimlərin test imtahanına gəlməsi və müsahibə prosesi olmur. Çünki müəllim hazırda işləyir və onu sorğu-sual etməyə ehtiyac yoxdur”.