Dövlət büdcəsində nələr dəyişəcək?

Maliyyə Nazirliyi cümə axşamı günü 2019-cu ilin dövlət büdcəsinə dəyişik layihəsinin Milli Məclisə təqdim edildiyini açıqlayıb.

Bu, prezident İlham Əliyevin iyunun 18-də minimum əmək haqqının və bir neçə dövlət idarəsində çalışanların maaşlarının artırılmasından sonra baş verir.

Azərbaycan rəsmiləri minimum əmək haqqının 340 milyon, əmək haqlarının artırılması üçün isə 555 milyon manata ehtiyac olduğunu bildirirlər.

Dövlət televiziyasına danışan maliyyə naziri Samir Şərifov deyib ki, sosial müavinət və əmək haqlarının artırılması dövlət üçün maliyyə yüküdür və bu, dövlət büdcəsində öz əksini tapıb.

“Biz, xərclərin təyinatının dəyişdirilməsi hesabına bu məsələlərin həllinə tam nail olmuşuq. Ona görə də burada əlavə hər hansı vəsaitə müraciət etməmişik”, cənab Şərifov qeyd edib.
Amma cənab Şərifov hansı xərclərin təyinatının dəyişdirilməsi barədə məlumat verməyib.

BBC News Azərbaycanca Maliyyə Nazirliyindən bu barədə şərh ala bilməyib.

Ötən gün BBC News Azərbaycancaya danışan iqtisadi təhlilçilər prezident sərəncamında mənbə göstərilmədiyindən ehtiyac olan maliyyənin mənbəyinin onlarda “sual yaratdığını” qeyd ediblər.
“Prezidentin bu ilin yanvar ayından apardığı köklü islahatlar nəticəsində xərcləri ödəyəcək 3 milyard manata yaxın büdcədə vəsait formalaşıb”, deputat Vahid Əhmədov BBC News Azərbaycancaya xərclərin mənbəyini izah edərkən deyib.

Onun sözlərinə görə, bu, sosial müdafiə gəlirləri, Vergilər Nazirliyinin ödənişləri və başqa mənbələr hesabına mümkün olacaq.

Hansı xərclər azaldılır, hansı çoxaldılır?

Maliyyə Nazirliyinin saytı “2019-cu ilin dövlət büdcəsinə haqqında” qanuna dəyişikliklər layihəsinin nüsxəsini yayıb.

Layihə sənədinə əsasən dövlət büdcəsinin xərclər hissəsində müdafiə xərclərinin 150 milyon manat və yaxud 4,9% artırılaraq 3 milyard 37 min 618 manatdan 3 milyard 187 milyon 618 min manata çatdırılması nəzərdə tutulur.

Bundan əlavə müdafiə üçün olan xərclər kateqoriyasında “digər kateqoriyalara aid edilməyən xərclər” 150 milyon manat artırılır.

Eləcə də büdcə sənədinin Sosial müdafiə və sosial təminat xərcləri 150 milyon manat azaldılaraq 2 milyard 470 milyon 387 min 16 manat olur.

Dəyişiklik həm də sosial müdafiə xərcləri də 150 milyon manat azaldılıb.

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait də 150 milyon manat azaldılıb.

Bütün bu dəyişiklərlərdən sonra Azərbaycan Respublikasının 2019-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 215 milyon 180 min manat artırılaraq 27 milyard 155 milyon 796 min 100 manatdan 27 milyard 370 milyon 976 min 100 manata çatdırılması təklif olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə sentyabrın 1-dən qüvvəyə minəcək olan maaş artımı ümumilikdə bir milyon ətrafında işçinin maaşında özünü göstərəcək.(BBC News Azərbaycancaya)