Tikintiyə dair tələblər hansılardır?

Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir.

Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir:

• yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır;

• sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;

• istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;

• səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir;

• istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır;

• enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır;

• əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin tikinti obyektindən istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmalıdır (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektləri);

• tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Müharibə şəraitində, hərbi və ya fövqəladə vəziyyətlərdə, digər fövqəladə hallarda əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl olunması zəruridir.

Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları:

• Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

• Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

• Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır.

• Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır.

Bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələbləri (tikinti obyektlərinin etibarlılıq göstəricilərini, yanğın və partlayış təhlükəsizliyini, təbii və texnogen xarakterli təhlükəli (zərərli) təsirlərdən müdafiə tələblərini, tikinti materiallarının, məmulat və konstruksiyalarının keyfiyyət və uyğunluğu) şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir.

• Odadavamlı divarlar yanğının yayılmasının qarşısını almağın zəruri olduğu və bunu başqa şəkildə təmin etməyin mümkün olmadığı hallarda, xüsusən bitişik və ya qonşu binalar arasında məsafənin az olduğu hallarda və ya yanğın ehtimalının yüksək olduğu qurğularda inşa edilir.

• Dam örtükləri atmosfer təsirlərinə qarşı dayanıqlı və yanğından mühafizə qaydaları ilə nəzərdə tutulmuş hallarda odadavamlı olmalıdır.

• Şüşə dam örtükləri və ya işıq keçirən başqa dam örtükləri, dam örtüklərindəki pəncərələr və şüşələnmiş hissələr yanğın baş verəcəyi təqdirdə onun binanın digər hissələrinə və ya qonşu sahələrə yayılmasının qarşısını almaq baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmalıdır.

• Səkilərin, ictimai istifadədə olan digər ərazilərin və ya giriş-çıxış yollarının üzərinə çıxan dam örtüklərində hərəkət təhlükəsizliyinin tələb etdiyi hallarda, qarın və buzun düşməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirləri nəzərdə tutulmalıdır.

• Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı həmin obyektlərin təyinatına uyğun istismarı üçün yetərli olmalı və istifadə zamanı təhlükəsizlik tələblərinə cavab verməlidir.

• Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və sair fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı qaydalarında nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

Tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində aşağıdakılar nəzərə alınmalıdır:

• tikinti obyektinin təyinatına görə istismar şəraiti;

• ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri;

• tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü.

Layihələndirmə zamanı dinamik yükləri və ya təsirləri qəbul edən konstruksiyalarda xüsusi mühafizə tədbirləri (rəqs söndürücüləri, vibroizolyasiya, qoruyucu konstruksiyaların perforasiyası və sairə) nəzərdə tutulmalıdır. Dinamik yüklərin təsirinə məruz qalan konstruktiv elementlər onların dayanıqlığı və möhkəmliyi ilə bağlı hesabatların nəticələri nəzərə alınmaqla layihələndirilməlidir.

Yuxarıda göstərilmiş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı – yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilir.

Benefisiar.org

Oxunub: 2563