“Yol hərəkəti haqqında” qanununda nə dəyişilib?

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Belə ki, dəyişikliyə əsasən 53-cü maddəsinin XX hissəsində “müddətin bitməsinə 1 saat qalmış” sözləri “müddət bitdikdən sonra 1 saat ərzində” sözləri ilə əvəz edildi.

“Yol hərəkəti haqqında qanunun” 53-cü maddəsinin XX hissəsində qeyd edilir ki, bu Qanunun XIX hissəsində nəzərdə tutulmuş müddətin bitməsinə 1 saat qalmış Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

XIX hissədə isə qeyd edilir ki, bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər.

Dəyişikliyə əsasən parklanma müddəti 24 saatın bitməsinə 1 saat qalmış yox, 24 saat müddət bitdikdən sonra 1 saat ərzində İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci maddəsinə nəzərdə tutulmuş qayda belədir: “ Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir”.

Benefisiar.org