Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi M.S.Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin iş yerləri dəyişdirilib:

Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilib;

Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilib.