“Elektron məhkəmə”dən istifadə qaydaları müəyyənləşib

Ədliyyə Nazirliyinin Kollegiyası “Elektron məhkəmə” informasiya sistemindən istifadə Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar məhkəmə və proses iştirakçıları tərəfindən “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını müəyyən edir.

Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir. İnformasiya Sistemi “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və “Elektron Sənədlərin Dövriyyəsi Sistemi”ndən (“DMS”) ibarətdir. İnformasiya Sisteminin 7 gün 24 saat fəaliyyəti təmin olunur. Hakimlər və proses iştirakçıları (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr və vəkillər) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər. Hakim tərəfindən məhkəmə sənədlərinin elektron formada tərtibi və göndərilməsi İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Hakimə İnformasiya Sistemindən istifadə etmək üçün istifadəçi adı, şifrə verilir və hakimin elektron imzası təqdim edilir.

Hakimin elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Proses iştirakçıları İnformasiya Sistemindən aşağıdakı üsullarla istifadə edirlər:

– İnformasiya Sistemində qeydiyyatdan keçərək “Elektron kabinet” yaratmaqla;

– dövlət və digər qurumlarla inteqrasiya edilmiş informasiya sistemi vasitəsilə.

Aşağıdakı vasitələrdən istifadə etməklə İnformasiya Sistemində “Elektron kabinet” yaradılır:

– Şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək;

– “ASAN imza” ilə qeydiyyatdan keçmək;

– “Elektron imza” ilə qeydiyyatdan keçmək;

– “Vahid Giriş Sistemi” (“ASAN login”) ilə qeydiyyatdan keçmək.

Şəxsiyyət vəsiqəsi ilə İnformasiya Sistemindən istifadə etmək üçün istifadəçi vəsiqənin seriya və nömrəsini, eləcə də fərdi identifikasiya nömrəsini, istifadəçi adını, şifrəni və elektron poçt ünvanını tələb edilən xanalara daxil edərək təsdiqləyir və istifadəçinin elektron poçt ünvanına “Elektron kabinet”in aktivləşdirilməsi üçün ərizə forması göndərilir. Həmin ərizə doldurularaq şəxsiyyət vəsiqəsinin skan edilmiş surəti ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərilir və həmin ərizənin təsdiq olunması barədə məlumat şəxsin elektron poçt ünvanında yerləşdirilir. Bundan sonra avtomatik olaraq istifadəçi adına “Elektron kabinet” formalaşdırılır. “ASAN imza” vasitəsilə istifadəçi İnformasiya Sistemində mobil nömrəni və ASAN istifadəçi kodunu daxil edərək telefona gələn “ASAN PİN 1” kodunu, istifadəçi adını, elektron poçt ünvanını və şifrəni qeyd edərək qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır. “Elektron imza” vasitəsilə istifadəçi İnformasiya Sistemində qeydiyyat zamanı istifadəçi adını, elektron poçt ünvanını və şifrəni daxil edərək təsdiqləyir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır.

“ASAN login” (https://asanlogin.my.gov.az) vasitəsilə istifadəçi “Elektron hökumət” portalında qeydiyyatdan keçməklə əldə etdiyi vahid istifadəçi adı və şifrə ilə qeydiyyatdan keçir və avtomatik qaydada istifadəçi adına “Elektron kabinet” formalaşdırılır. “Elektron kabinet”ə ilk dəfə daxil olan istifadəçi tələb olunan məlumatları bölməyə daxil etmək və istifadəçi şifrəsini dəyişmək imkanına malikdir. İstifadəçilər “Elektron kabinet”də özlərinə aid məlumatları, sənədləri əldə edə, habelə əməliyyatlar həyata keçirə bilərlər. Dövlət və digər qurumlar tərəfindən sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi və qəbulu həmin qurumların informasiya sistemi ilə razılaşdırılmış qaydada həyata keçirilir. İnformasiya Sistemində qeydiyyatdan keçmədən məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış olmaq imkanı yaradılır.

İstifadəçilər tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər.