Reklamla bağlı problemlər və qanundakı boşluqlar

Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunu “digital” (rəqəmsal) reklamlara nəzarət edə bilmir. Həm şirkətlər, həm də şəxslər qanunu kobud şəkildə pozurlar. İnsanlar bu gün vaxtlarının əhəmiyyətli hissəsini mobil telefonlarda, kompüterlərdə, planşetlərdə keçirir. Xəbərləri internetdən oxuyur, video verilişlərə internetdən baxır, oyunları internetdən oynayır, ailəsi və dostları ilə söhbətləri internetdən edir, getdikləri restoranları internetdən seçir, səyahətlərini belə  internetdən planlayırlar. İnternet və internet reklamları artıq insanlarımızın həyatının dəyişilməz bir parçası olub. ITU-nun (International Telecommunication Union) rəsmi rəqəmlərinə görə, Azərbaycanda aktiv şəkildə internet istifadə edən istifadəçi sayı 7,72 milyondur, bu da əhalinin təxminən 80%-i deməkdir. İnternet platformaların da əsas gəlir mənbəyi internet reklamlarıdır. Əgər digər Avropa ölkələrdəki kimi internetdən verilən reklamları qanunvericilik çərçivəsinə salmasaq, zərərli və ya saxta məhsulların reklamı, istehlakçıların aldadılması,  ictimai təhlükəsizlik, insan alveri, kölgə iqtisadiyyatı kimi əhəmiyyətli mövzularda idarə etməni itirə bilərik. Xüsusən, 18-25 aralığında gənclərin aktiv sosial şəbəkələrdə vaxt keçirdiyini nəzərə alsaq, onların qarşısına çıxan məzmunun həm daxilindəki qanunla qadağan olunan gizli reklamlar və ya açıq reklamlar, həm də sosial şəbəkə platformaları üzərindən göstərilən sponsor reklamlarının bir-başa şüurlara təsirləri qaçılmaz olacaq. 

Sosial şəbəkələr və axtarış resurslarında reklamlara nəzarət

Əksər şirkətlər büdcələrini bu istiqamətdə xərcləsə də mövcud qanunvericilikdə bu barədə bir cümlə də olsun təsnifat qanunu yoxdur. Burada reklam yerləşdirən Azərbaycan şirkətlərinin hansı ünsürləri diqqətə alması, nələrin qadağan olması və s. reklamı yayımlayan qlobal şirkətlərin insafına qalıb. Halbu ki, həmin reklamı yayımlayan şirkətlər istər qonşumuz Türkiyədə olsun, istərsə də Rusiyada və ya ABŞda, məhz o ölkənin daxili qanunvericiliyi çərçivəsində oranın vətəndaşlarına reklamı göstərirlər. Təəssüflər olsun ki, istənilən pul sahibi şirkət bir neçə min dollarla əhalimizin böyük əksəriyyətinə istənilən reklamı heç bir tənzimlənmə olmadan rahatlıqla çatdıra bilər. Bu, sizcə, çox təhlükəli deyilmi?

Məşhurların hesablarındakı reklamlara nəzarət

Xüsusən də məşhur simaların öz sosial şəbəkələrində izləyiciləri ilə paylaşdıqları məzmunlardakı reklamlarda çox əhəmiyyətli qanun pozuntuları var. Sponsorlardan ödəniş alıb, məhsulları, şirkətləri, tədbirləri və s. ağız dolusu tərifləyirlər və bunun reklam olduğunu öz izləyicilərinə bildirmirlər. Kütləni inandırmağa çalışmaq üçün gizli reklama əl atırlar və təəssüflər olsun ki, sponsorlar da bunu onlardan tələb edir. Gəlin Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunun 8-ci bəndində göstərilən “Gizli Reklam” haqqında təsnifata baxaq:

“8.1. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.

8.2. Gizli reklama yol verilmir”.

Qanun açıq-aşkar istehlakçıya reklam daşıyıcılarında gizli reklam göstərməyi qadağan edir. Burada göstərilən reklam daşıyıcısının təsnifatı isə digər reklam maddəsində öz cavabını tapır.

“2.0.11. reklam daşıyıcısı – reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləri.”

Bu mövzuda qanun mövcud olsa da, məşhurların əksəriyyəti buna əməl etmir, digər tərəfdən buna nəzarət edib, cərimə tətbiq edəcək qurumun başı daha çox əksər hallarda effektsiz sayılan küçə reklamlarına qarışıb. Bu cür hallar olanda milyonlarla izləyicisi olan məşhurlar istənilən reklamı 300 manatdan başlayan qiymətlərlə öz izləyicilərinə sırımağa hazır vəziyyətdə gözləyir. Götürək Amerikadakı vəziyyəti: ABŞ-da əgər məşhurlar öz sosial şəbəkə hesablarında ödəniş qarşılığında hər hansı məzmun paylaşanda bunun məhz ilk görünən sətrinin də reklam və ya tərəfdaşlıq olduğunu bildirməsələr Federal Ticarət Komissiyası (FTC) istehlakçıları aldatdıqları üçün həm məşhura həm də reklamı verən şirkətə çox ciddi məbləğlərdə cərimələr tətbiq edir, hətta həbsə qədər apara bilir. Hal belə olanda bizim istehlakçıların haqlarını qadağan olunmuş gizli reklama qarşı hansı qurumumuz qoruyacaq? Ümumiyyətlə daxili bazarımızda bu vaxtadək yüz minlərlə belə reklam olunub, bunun hesabını kim soruşacaq?

Mətbuatda reklamlara nəzarət

Xüsusilə “press-reliz” adı altında internet mediamızın sponsorlardan ödəniş alıb tirajladıqları xəbərlər hər gün milyonların qabağına çıxır. Bu gün mediamızın böyük əksəriyyəti sifarişli reklam xəbərlərini öz oxuyucularına təqdim edir və bunun reklam olduğu ilə əlaqədar bir cümlə də olsun qeyd etmir. Digər tərəfdən son illərdə artan məhsulların video icmalı adı altında ağız dolusu təriflənib, reklam olunması, qarşılığında sponsorlardan ödəniş almasını da daxil edə bilərik. Bu bir başa istehlakçını aldatmaq, reklam qanunvericiliyini pozmaq, öz oxuyucularına hörmətsizlikdən başqa bir şey deyil. İstər qonşu Türkiyəni götürsək, istərsə də Rusiyada xüsusilə internet mediasında yayımlanan reklam xarakterli mətnlərdə reklam olduğunu mətnin başlığında vurğulanır və digər xəbərlərdən fərqləndirərək oxuyucu qarşısına çıxarılır. Video icmallar isə məhsulu reklam edib, təriflənsin deyə çəkilmir. Mənfi və müsbətlərini gün üzünə çıxarıb, istehlakçıya azad seçim imkanı yaradılması üçün sponsorlar tərəfindən sifariş verilir. Həm ölkəmizdə fəaliyyət göstərən şirkətlər reklam sifarişi verərkən, həm də bu reklamı yayan mətbuatımız, öz oxuyucularını və qanunları heçə saydığını görə bilərik. Bəlkə də qanunvericiliyin inkişaf etdirilib, açıq-aşkar bəndlərlə digər ölkələrdə olduğu kimi maddə-maddə bu ünsürləri sadalansaydı, istehlakçılarımız nəyin reklam, nəyin təmiz xəbər olduğu arasında başı qarışmazdı.

Sadalanan bu qədər problemin nəzarətə götürülüb, qanunvericiliyin təkmilləşdirilib, şirkətlərin və reklam daşıyıcılarının buna hörmət etməsinə nail olmalıyıq. Ümid edirəm, yaxın vaxtlarda istehlakçılar üçün əhəmiyyətli dərəcədə təhlükə törədə biləcək sadaladığım reklam problemlərinin həlli tapılar.

Nicat Manafov

Biznesin inkişafı üzrə mütəxəssis

APA-Economics