Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev vətəndaşların qanunvericilik hüququndan istifadə məsələsini şərh edib.
O, deyib ki, son dövrlər ölkədə sosial, iqtisadi və hüquqi islahatlar daha da dərinləşib: “Buna misal olaraq insan hüquqlarının qorunması sahəsində atılan addımları göstərmək olar. Biz referendum yolu ilə konstitusiyaya dəyişiklik etmişik. Azərbaycan vətəndaşlarına qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ verilib. Bunun üçün 40 min nəfərin imzası toplanmalıdır. Lakin bu mexanizmin tam aydın olması, konstitusiyadan irəli gələn hüququn həyata keçirilməsi ilə bağlı xüsusi qanun qəbul olunmalıdır. Parlamentin yas sessiyasında məhz “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun I oxunuşda qəbul olunub. Bu onu göstərir ki, ölkədə həqiqətən demokratik islahatlar aparılır. Yəni 40 min vətəndaş birləşib hər hansı qanun layihəsini Milli Məclisə təqdim edirsə, bu layihə mütləq parlamentdə müzakirə olunmalı və qərar qəbul edilməlidir. Həmin layihənin qəbul edilib-edilməməsi sonrakı məsələdir. Ancaq bu məsələnin geniş müzakirəyə çıxarılması Azərbaycanda demokratiyanın güclü formada bərqərar olmasının bariz nümunəsidir”. (Report)