“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası” təsdiqlənib.
APA-nın məlumatına görə, bu gün bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Bu Qayda açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularına şamil edilir. Reklam qurğusunun quraşdırılması və sökülməsi sahəsində nəzarəti Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi həyata keçirir.
Şəxs reklam qurğusunun quraşdırılması niyyəti barədə müvafiq qurumu məlumatlandırmalıdır. Bunun üçün reklam qurğusunun quraşdırılmasından əvvəl şəxs müvafiq quruma ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
– şəxs hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti;
– şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
– reklam qurğusunun yerləşəcəyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu, yaxud “Reklam haqqında” qanuna uyğun olaraq icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
– reklam qurğusunun sxemi və eskizi (qrafik təsviri və qabarit ölçüləri);
– reklam qurğusunun yerləşdiriləcəyi yerdə rəngli fotomontaj (hava şarına, aerostata və dirijabla münasibətdə istisna olmaqla).
Müvafiq qurum şəxsin təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədləri yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və reklam qurğusunun quraşdırılmasına imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar şəxsə eyni zamanda bildirilməlidir. Şəxs bildirişi aldığı tarixdən ən geci 10 iş günü ərzində həmin çatışmazlıqları aradan qaldırmalıdır. Şəxs ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, müvafiq qurum ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində şəxsə təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Qanunla reklam qurğusunun quraşdırılmasına aidiyyəti dövlət orqanının (qurumunun) rəyi (razılığı) tələb olunduqda, müvafiq qurum rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir və bu barədə şəxsə məlumatı təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Aidiyyəti dövlət orqanı (qurumu) həmin müraciətə 5 iş günü müddətində baxaraq cavab verir. Həmin müddət bu Qaydanın 2.7-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Göstərilən müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə, əsaslandırılmalıdır. Müvafiq qurum təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmanın nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq reklam qurğusunun quraşdırılmasının bu Qaydanın 2.1-ci yarımbəndində nəzərdə tutulmuş tələblərə cavab verməməsini müəyyən etdikdə, onların aradan qaldırılması üçün şəxsə bildiriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Qeyd edilən müddət ərzində müvafiq qurum irad bildirmədikdə və ya şəxs bildirilmiş iradları aradan qaldırdıqdan sonra reklam qurğusu quraşdırıla bilər.Reklam qurğusunun yerinin (o cümlədən eyni ünvan çərçivəsində), həmçinin ölçülərinin, hündürlüyünün, istiqamətinin dəyişdirilməsi və ya reklam qurğusunda digər konstruktiv dəyişikliklər edilməsi hallarında bu Qaydanın müddəaları tətbiq edilir.
üvafiq qurum reklam qurğusunun quraşdırılması zamanı bu Qaydanın tələblərinin pozulması hallarını aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə şəxsə icrası məcburi olan yazılı göstəriş təqdim edir və ya onu sifarişli poçt göndərişi vasitəsilə göndərir. Şəxs yazılı göstərişə uyğun olaraq:
– müvafiq qurumu məlumatlandırmadan quraşdırılmış reklam qurğusuna görə bu Qaydaya uyğun olaraq tədbirlər görür;
– müvafiq qurumu məlumatlandırmaqla quraşdırılmış reklam qurğusunda aşkar edilmiş bu Qaydada nəzərdə tutulan tələblərin pozulması hallarını aradan qaldırır və nəticəsi barədə müvafiq quruma məlumat verir.
Müvafiq qurum məlumatın verildiyi gündən, belə məlumatın verilmədiyi hallarda isə həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyənləşdirilmiş müddətin başa çatdığı gündən ən geci 2 iş günü ərzində pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır və pozuntuların aradan qaldırılmadığını müəyyən etdikdə, akt tərtib edir. Müvafiq qurum bu Qaydanın tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun aid olduğu şəxsi müəyyən edə bilmədiyi halda aidiyyəti orqanlara (qurumlara) bununla bağlı müraciət edir. Müvafiq qurum aşağıdakı hallarda reklam qurğusunun sökülməsi barədə qərar qəbul edir:
– bu Qaydada nəzərdə tutulmuş tədbirlərin şəxs tərəfindən görülmədiyini müəyyən etdikdə;
– akt tərtib edildikdə;
– müraciət nəticəsində reklam qurğusunun aid olduğu şəxsi müəyyən etmək mümkün olmadıqda.
Şəxs sökülməsi barədə qərar qəbul edilmiş reklam qurğusunu 5 gün müddətində sökmədikdə həmin reklam qurğusunu müvafiq qurum sökür.