Prezident iki rayonun icra başçısını dəyişdi

Prezident İlham Əliyev Yevlax və Xaçmaz rayonlarının icra başçıları Qoca Səmədov və Şəmsəddin Xanbabayevi tutduqları vəzifələrdən azad edib.

Prezident Yevlax rayonuna Anar Aqil oğlu Tağıyevi, Xaçmaz rayonuna Elnur Şahbaz oğlu Rzayevi icra başçısı təyin edib.

Anar Tağıyev 1981-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb. 2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışırdı.

Elnur Rzayev 1980-ci ildə Ermənistanın Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.