BMT rəsmisindən qadınlarla bağlı Azərbaycana çağırış

Çaru Bist: “Qadınların bütün yerli idarəetmə orqanlarında təmsil olunması vacibdir”

“Qadınların yerli idarəetmə orqanlarında kifayət qədər təmsil olunmaması bir sıra problemlərin yaranmasına gətirib çıxara bilər. Bu da vətəndaşların hüquqlarının qorunmasına ziyan vurar”.

“Report” xəbər verir ki, bu fikirləri BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bist “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində deyib.

Onun sözlərinə görə, qadınların bütün yerli idarəetmə orqanlarında təmsil olunması vacibdir: “Bu, Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olmağa yardım edər. Qadınların yerli idarəetmə səviyyələrində, qərar qəbuletmədə iştirakı çox önəmlidir. Qadınlar idarəetmədə nə qədər çox təmsil olunsa, onların problemləri, ehtiyacları bir o qədər yaxşı başa düşülər”.

Ç.Bist bildirib ki, Gender əsaslı Bələdiyyə Akademiyasının yaradılması bələdiyyələrdə daha çox qadının təmsil olunmasına, potensial qadın kadrların hazırlanmasına xidmət edir: “Dayanıqlı İnkişaf Məqsədlərindən biri qərar qəbuletmədə qadınlar üçün bərabər imkanların yaradılmasını nəzərdə tutur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə uzunmüddətli əməkdaşlığımız var. Avropa İttifaqının maliyyə yardımı layihələrin həyata keçirilməsinə kömək edir”.

Əvvəlki məqaləBələdiyyə sədri niyə həbs edilib?
Növbəti məqaləAliment Fondunun yaradılması təklif edildi