Milli Məclis niyə buraxılır?

Hüquqşünas Fuad Ağayev bildirib ki, ümumiyyətlə, Konstitusiyada və qanunvericilikdə parlamentin özünü buraxması nəzərdə tutulmayıb

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının noyabrın 28-də toplantısı keçirilib.

Məlumatı APA yayıb.

Bildirilib ki, partiya parlamentdə təmsil olunan üzvlərinə qanunverici orqanın buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib:

“Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini qeyd edib”.

Eyni zamanda, YAP-ı təmsil edən millət vəkilləri partiyanın mərkəzi qərargahında toplantı keçirəcəklər. Onların Siyasi Şuranın tövsiyəsi əsasında Prezident İlham Əliyevə müraciət edəcəkləri gözlənilir.

Azərbaycan Konstitusiyasına görə Milli Məclis aşağıdakı hallarda buraxıla bilər:

“Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, dövlət başçısı qanunverici orqanı buraxır”.

YAP Siyasi Şurasının bu barədə qərarını Meydan TV-yə şərh edən vəkil Fuad Ağayev bildirib ki, ümumiyyətlə, Konstitusiyada və qanunvericilikdə parlamentin özünü buraxması nəzərdə tutulmayıb.

“YAP-in qərarı barədə məlumatdan belə görünür ki, faktiki MM-in özünü buraxması təklif olunur. Ola bilsin, bunu azca hüquqiləşdirmək məqsədilə parlament özünün buraxılması barədə fərman verilməsi üçün dövlət başçısına müraciət edilsin. Ona görə YAP Siyasi Şurasının mətbuat konfransını gözləyək”.

Azərbaycan Milli Məclisinə seçkilər sonuncu dəfə 2015-ci ildə keçirilib. Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasına məxsusdur.

Müstəqil Azərbaycanın tarixində ilk dəfədir Milli Məclis buraxılır.

 

Əvvəlki məqaləƏmək kitabçası necə tərtib olunur?
Növbəti məqaləƏlilliyi olan şəxslərin məşğulluq məsələsi müzakirə olunub