Kənd təsərrüfatı üçün kreditləri necə almaq olar?

Yazın gəlişi və əkin mövsümünün başlaması ilə aqrar sektorda da canlanma yaşanır. Fermerlər kənd təsərrüfatının müxtəlif sahələrində iş qurmağa çalışsalar da, ən böyük problem maliyyə məsələsidir. Artıq hökumət bu problemin həlli ilə bağlı da müəyyən addımlar atıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Kredit və İnkişaf” Agentliyi vasitəsilə fermerlərə kredit ayrılır.

Bəs görəsən, kreditin verilmə prosedurları necədir, kəndli haraya , necə müraciət etməlidir?

Bu sualları kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli musavat.com-a açıqlamasında səsləndirib.

O qeyd edib ki, yeni qaydalara əsasən, fermer güzəştli kredit almaq üçün yaşadığı rayonda banklara müraciət etməlidir: “Bank tərəfindən müraciətə baxılır, 15 gündən gec olmayaraq kreditin verilməsi barədə qərar qəbul olunur, yaxud sahibkarlara əsaslandırılmış imtina məktubu verilir.

Bank krediti vermək qərarına gəlirsə kredit vəsaitinin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Kredit və İnkişaf” Agentliyinə sifariş göndərir. Agentlik 2 iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Müvəkkil kredit təşkilatı aldığı vəsaiti 1 iş günü müddətində borcalanın hesabına köçürür.

Fermer aşağıdakı banklara müraciət edə bilər: “Kapital Bank”, “Paşa Bank”, “Azərbaycan Beynəlxalq Bankı” , “Turanbank” , “Rabitəbank” , “Aqrarkredit” , “Finoko” Bank Olmayan Kredit Təşkilatı, “Expressbank” ASC, “AFB Bank” ASC, “Muğanbank” ASC, “Bank Respublika” ASC, Bank BTB ASC, “Finans İnvest” Bank Olmayan Kredit Təşkilatı.

Kreditlərin həddi, müddəti və faizlərinə gəlincə , ekspert bildirdi ki, güzəştli kreditlərin həddi bəllidir: “Fermerlərə 5 000 manatadək mikrokreditlər, 5 001 manatdan 30 000 manatadək kiçikhəcmli kreditlər, 30 001 manatdan 100 000 manatadək – ortahəcmli kreditlər, 100 001 manatdan 200 000 manatadək – irihəcmli kreditlər, 1 000 000 manatədək – kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər verilir.

Həmçinin mikrokreditlər üçün 2 ilədək, kiçik və ortahəcmli kreditlər üçün – 3 ilədək, irihəcmli kreditlər üçün – 5 ilədək zaman müəyyən olunur.

Kreditlər üzrə güzəşt müddəti isə mikrokreditlər üçün – 12 ayadək, kiçik və ortahəcmli kreditlər üçün – 18 ayadək, irihəcmli kreditlər üçün – 24 ayadək uzadıla bilər. Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il, digər kənd təsərrüfatı istehsal vasitələri üçün 5 ildir. Girov kimi daşınmaz əmlak, alınan texnika qoyula bilər. (musavat.com)