İş vaxtı sağlamlığı pozulmuş işçinin hansı hüquq və sosial təminatları var?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq işçilərin sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüququ vardır. Sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi işəgötürənin vəzifə öhdəliyidir.

Mövzuya keçməzdən öncə istehsalat qəzası, peşə xəstəliyi anlayışlarını aydınlaşdıraq.

İstehsalatda bədbəxt hadisə əmək funksiyalarını yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.
Peşə xəstəliyi isə əlverişsiz və zərərli istehsalat amillərinin işçinin orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlikdir.

“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra – istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.

Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:

  1. istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);

2. işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə.

TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.

Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin əvəzini bu şərtlə ödəyir ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

Əmək xəsarəti nəticəsində zərərçəkənə hansı ödənişlər olunur?

Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Qeyd edək ki, zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.

Aylıq ödənc – zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.

Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən, vəfatından öncə əvvəlki 12 təqvim ayı (12 aydan az işləmiş olduğu halda faktiki işləmiş aylar nəzərə alınır) üzrə hesablanır.

18 yaşına çatmamış zərərçəkənin aylıq ödəncinin miqdarı isə minimum əmək haqqının 5 mislindən az ola bilməz.

Zərəçəkənin vəfatı halında zərərin əvəzini kimlərin almaq hüququ var?

Zərərçəkənin (ailə başçısının) vəfatı halında zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.

Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:

  • ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
  • şəxsin ölümündən sonra doğulmuş uşağı;
  • ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü – əmək qabiliyyətindən asılı olmayaraq;
  • ölənin himayəsində olmuş və onun ölümündən sonra 5 il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

Zərərin əvəzi aşağıdakı müddətə ödənilir:

  • yetkinlik yaşına çatmayanlara – 18 yaşına çatanadək;
  • 18 yaşından yuxarı tələbələrə – əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu 23 yaşınadək;
  • 55 yaşından yuxarı qadınlara və 65 yaşından yuxarı kişilərə – ömürlük;
  • əlilliyi olan şəxslərə – əlillik müddəti üçün;
  • ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə – qulluq etdikləri 14 yaşına çatanadək.

Belə ki, Əmək Məcəlləsinin 239-cu maddəsi və yuxarıda adı çəkilən NK-in 3 saylı qərarında nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

Benefisiar.org

Əvvəlki məqaləBu avtomobillərin sürücüləri cərimələnəcək
Növbəti məqaləBu tikintilər üçün icazə tələb olunmur