Son zamanlar vətəndaşları maraqlandıran suallardan biri də artıq ödənilmiş və ya düzgün ödənilməmiş dövlət rüsumlarının büdcədən vətəndaşa hansı hallarda geri qaytarılmasıdır. “Dövlət rüsumu haqqında” qanunda həmin məsələyə aydınlıq gətirilmişdir.
Dövlət rüsumu nədir?
Dövlət rüsumu – dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
Dövlət rüsumunun ödəyiciləri kimlərdir?
“Dövlət rüsumu haqqında” qanunla nəzərdə tutulmuş işlərin görülməsi, xidmətlərin göstərilməsi və hüquqların əldə edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər dövlət rüsumunun ödəyiciləridirlər.
Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır:
• bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə;
• ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə;
• məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə.
Dövlət rüsumunun qaytarılma müddətləri:
• Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 45 gün müddətində ona qaytarılır;
• Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər;
• Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Hazırladı: Rüxsarə Məmmədova
Oxunub: 788