Hamilə və azyaşlı uşağı olan qadınların cəzasının çəkilməsinin təxirə salınması

Qanunvericilikdə hamilə və azyaşlı uşağı olan məhkumların cəza çəkməsi ilə bağlı  xüsusi normalar nəzərədə tutulub. Belə ki, Cəzaların İcrası Məcəlləsində hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması  ilə bağlı müddəalar öz əksini tapıb.

Bəs hansı hallarda hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsi təxirə salına bilər?

Cəzaların İcrasi Məcəlləsinin 172.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınların, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq on dörd yaşına çatanadək təxirə salına bilər.

Cəza çəkməkdən azad olunmanın  prosedur qaydaları hansılardır?

Cəzaların İcrası Məcəlləsinin 172 -ci maddəsinə  əsasən cəzasının çəkilməsi təxirə salınan məhkumlar üçün aşağıdakı hərəkətlər yerinə yetirilir:

  1. Hamilə və ya on dördyaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizəyə məhkumun xasiyyətnaməsi, məhkuma və onun uşağına yaşayış yeri verməklə zəruri yaşayış şəraiti yaradılması barədə qohumlarının yazılı razılığı, qadının hamiləliyi haqqında həkimin rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsinin surəti əlavə olunur. Məhkəmə məhkumun ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsini nəzərə alır;
  2. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkəmədən hamilə və ya on dördyaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarı aldıqdan sonra onu azad edir. Məhkum azad edildiyi vaxtdan sonra on beş gün müddətində yaşayış yeri üzrə probasiya qurumuna qeydiyyata götürülməsi ilə əlaqədar müraciət etməsi haqqında ondan iltizam alınır;
  3. Hamilə və ya on dördyaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsindən azad edildikdən sonra yaşayış yerinə dövlət hesabına gedir;
  4. Hamilə və ya on dördyaşına qədər uşağı olan məhkum qadının, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişinin azad olunduğu vaxtdan üç gündən gec olmayaraq, yaşayış yeri üzrə məhkəməyə və probasiya qurumuna azad etmə tarixi göstərilməklə, cəzanın icrasının təxirə salınması haqqında qərarın surəti göndərilir;
  5. İcra məmuruhamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadını , habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata götürür və onun üzərində nəzarəti həyata keçirir;
  6. İcra məmuruhamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadını, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişini qeydiyyata aldıqdan sonra üç gün ərzində onun azad edildiyi cəzaçəkmə müəssisəsinə məlumat göndərir.

Hansı halda hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsi təxirə salına bilməz!

CİM-nin 172.2-ci maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə cəzanın çəkilməsinin təxirə salınması tətbiq edilmir.

Qanunvericilikdə həmçinin hamilə və ya üç yaşına çatmayan uşağı olan məhkum qadınların maddi-məişət təminatının xüsusiyyətləri də göstərilmişdir. (CİM 92-ci maddəsi) Bu təminatlar aşağıdakılardır:

  1. Cəzaçəkmə müəssisələrində məhkum qadınların üç yaşına çatmayan uşaqlarının yerləşdirilməsi üçün uşaq evləri təşkil edilir. Uşaq evləri uşaqların normal inkişafı və yaşayışı üçün zəruri şəraitlə təmin edilir. Məhkum qadınlar asudə vaxtlarında uşaqlarla məhdudiyyətsiz görüşə bilərlər. Onların uşaqla birgə yaşayışına icazə verilə bilər;
  2. Məhkum qadınların uşaqları ananın razılığı ilə onun qohumlarına və ya ananın razılığı, qəyyumluq və himayəçilik orqanlarının qərarı ilə digər şəxslərə verilə, habelə üç yaşı tamam olduqdan sonra müvafiq uşaq müəssisələrinə göndərilə bilərlər;
  • Üç yaşı tamam olmuş uşaqların anasının cəzaçəkmə müddətinin qurtarmasına bir ildən çox qalmazsa və o, analıq borcunu vicdanla yerinə yetirərsə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti uşağın uşaq evində saxlanma müddətini cəzaçəkmə müddətinin sonuna qədər artıra bilər;
  1. Hamilə qadınlar doğuş və doğuşdan sonrakı müddətdə xüsusi tibbi yardım almaq hüququna malikdirlər.

Bir qayda olaraq cəzasının  çəkilməsi  təxirə salınmış məhkumlar cəzanın təxirə salınması qaydalarına riayət etməlidirlər. Hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzanın çəkilməsinin təxirə salınması şərtlərinə riayət etməmələrinin nəticələri aşağıdakılardır:

(CİM 173-cü maddə)

  1. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi azad edildiyi gündən on beş gün ərzində qeydiyyata götürülməsi ilə əlaqədar üzrsüz səbəbdən icra məmuruna müraciət etmədikdə, onun yerinin müəyyən edilməsi üçün tədbirlər həyata keçirilir, məhkumun yeri müəyyən olunmadıqda isə icra məmurunun qərarı ilə axtarış elan edilir və qərarın surəti müvafiq icra hakimiyyəti orqanına göndərilir.
  2. Hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzanın çəkilməsinin təxirə salınması dövründə uşağı tərbiyə etməkdən boyun qaçırdıqda və ya uşaqdan imtina etdikdə icra məmuru tərəfindən ona rəsmi xəbərdarlıq edilir.
  3. Məhkum qadın xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda icra məmuru məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir. Təqdimata cəzanın çəkilməsinin təxirə salınması haqqında qərarın surəti əlavə olunur.
  4. Uşaq on dörd yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir. Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır.

 Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

 

Oxunub: 670

Əvvəlki məqaləEkstrasenslərlə bağlı məlumatların yayılması qadağan olunur
Növbəti məqaləAzərbaycanda Audiovizual Şura yaradılacaq