Yaşı 18-dən az olan işçilərin əmək hüququ və təminatları

Əmək, peşə vərdişlərinin, əmək stajının az olması və fizioloji vəziyyəti ilə bağlı olan amillər nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri nəzərdə tutulub. Eləcə də, onlar üçün müvafiq təminatlar da vardır. Qanunvericilikdə nəzərdə tutulan bu təminatlara işəgötürənlər tərəfindən əməl olunması məcburidir.

Belə ki, Əmək Məcəlləsinin 249-cu maddəsində də göstərilmişdir ki,  işə qəbul üçün minimum yaş həddi 15-dir. Həmçinin həmin məcəlləninin 248-ci maddəsinə görə yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin artırılması üçün işəgötürən tərəfindən təmin edilməli olan əlavə şərtlər, öhdəliklər həmin müqavilədə nəzərdə tutulmalıdır. Yaşı 18-dən az olan işçilərin iş günü ərzində peşə hazırlığına sərf etdikləri vaxt işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır.

Bəs yaşı 18-dən az olan işçilərin  qanunvericilikdə hansı təminatları nəzərdə tutulub? 

  1. Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz;
  2. Əmək Məcəlləsinin 250-ci maddəsində yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin kateqoriyası nəzərədə tutulub. Belə ki, Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. Həmçinin, İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin icbari təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır;
  3. Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinədən keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər. ( Əmək Məcəlləsi, 252-ci maddə)
  4. a) yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram vədigər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır. 
  5. b) axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir; (Əmək Məcəlləsi, 254- cü maddə)
  6. a) 18 yaşına çatmamış işçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir.
  7. b) Yaşı 18-dən az olan və işəmuzd işlərdə çalışan işçilərin əməyi yaşlı işçilər üçün müəyyən edilmiş işəmuzd qiymətlər üzrə ödənilir, bu Məcəllənin 91-ci maddəsi ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı ilə yaşlı işçilərin gündəlik iş vaxtı arasındakı müddət fərqi üçün onlara tarif dərəcəsi üzrə əlavə haqq verilir; (Əmək Məcəlləsi, 253- cü maddə)
  8. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz. (Əmək Məcəlləsi, 255- ci maddə)

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Oxunub: 274