İpoteka kreditinin verilməsi şərtləri və qaydaları

İpoteka krediti nədir?

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına görə ipoteka krediti – yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borcdur.

Müvəkkil bank – ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bankdır.

Bəs ipoteka kreditinin verilməsinə dair tələblər hansılardır?

Fondun vəsaiti hesabına verilən ipoteka krediti aşağıdakı tələblərə cavab verməlidir:  

  • Kredit Azərbaycan manatı ilə verilməlidir;
  • Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  • Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə, qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilməlidir.
  • Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;
  • İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;
  • Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;
  • Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  • Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
  • İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  • İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  • Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  • Borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
  • Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;
  • İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;
  • İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;
  • Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;
  • Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;
  • İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;
  • İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir;
  • Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;
  • Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.

Qeyd: İpoteka kreditinin maksimal məbləği 150 000 AZN, güzəştli ipoteka kreditinin maksimal məbləği isə 100 000 AZN-dir. Həmçinin ipoteka kreditinin verilməsinin maksimal müddəti 25 il, güzətli ipoteka kreditinin verilməsinin maksimal müddəti 30 ildir. (Qeyd olunan məbləğlər və müddətlər, habelə illik faiz dərəcələri Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilir)

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslər aşağıdakılardır:

Yaşı 35-dən çox olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);
  1. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);
  2. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  3. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  4. Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  5. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  6. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
  7. Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər:

  1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  2. Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  3. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular;
  4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  5. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
  6. Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  7. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:

  1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
  2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
  3. şəxsin yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
  4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
  5. şəxs fərdi sahibkar olduqda:

5.1. sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

5.2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

  1. şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).

Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda, ipoteka krediti almaq istəyən şəxs həmin sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron sistemdə həmin gün yerləşdirməlidir.

İpoteka kreditinin alınması üçün bütün müraciətlər yalnız elektron şəkildə qəbul edilir. Bunun üçün siz elektron və ya asan imza sertifikatı əldə edərək www.e-gov.az portalında yerləşən “İpoteka və Kredit Zəmanət Fondu” bölməsinin “İpoteka Kreditinin verilməsi” altbölməsinə daxil olmaqla elektron kabinet yaratmalısınız. Daha sonra elektron kabinetə daxil olub ipoteka krediti üçün elektron şəkildə müraciətinizi davam etdirə bilərsiz. Daha ətraflı məlumat əldə etmək üçün İpoteka və Kredit Zəmanət Fondunun 1549 qaynar xətti ilə də əlaqə saxlaya bilərsiz.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Əvvəlki məqaləİctimai iştirakçılıqla bağlı qanunvericilik təkmilləşdiriləcək
Növbəti məqaləDin xadimləri ilə bağlı komissiya yaradıldı