İş günü hesab olunan və olunmayan bayram günləri hansılardır?

Bayram günləri:

  1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:
  • Yeni il bayramı (yanvarın 1 və 2-si);
  • Qadınlar günü (8 Mart);
  • Faşizm üzərində qələbə günü (9 May);
  • Müstəqillik Günü (28 May)
  • Azərbaycan xalqının milli qurtuluş günü (15 İyun);
  • Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (26 İyun);
  • Müstəqilliyin Bərpası Günü (18 Oktyabr);
  • Zəfər Günü (8 Noyabr);
  • Azərbaycan Respublikasının Dövlət bayrağı günü (9 Noyabr);
  • Konstitusiya günü (12 Noyabr);
  • Milli Dirçəliş günü (17 noyabr);
  • Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 Dekabr);
  • Novruz bayramı – 5 gün;
  • Qurban bayramı – 2 gün;
  • Ramazan bayramı – 2 gün.

Hansı bayram günləri iş günü hesab edilir?

Konstitusiya günü, Milli Dirçəliş günü, Müstəqilliyin Bərpası Günü bayram günləri olsa da, iş günü hesab edilir.

Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Nazirlər Kabineti tərəfindən müəyyən edilib əhaliyə elan olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 dekabr 2022-ci il tarixli qərarına əsasən, 2023-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 21, 22-si Ramazan bayramı, iyunun 28, 29-u Qurban bayramı günləri olaraq müəyyən edilmişdir.

Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

İş günü hesab edilməyən bayram günləri hansılardır?

Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

 Səsvermə günü 

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Ümumxalq hüzn günü

Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

Azərbaycan Respublikasında Anım Günü

Hər il sentyabrın 27-si – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür.

İstirahət, səsvermə, iş günü hesab edilməyən  bayram günlərində və ümumxalq hüzn günü işçilərin işə cəlb olunması yolverilməzliyi və bunu istisna edən hallar hansılardır?

Əmək Məcəlləsində nəzərdə tutulmuş aşağıdakı hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla, qalan digər hallarda istirahət, səsverməiş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. 

  1. a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə;
  2. b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı günlərdə iş gününün müddəti necə müəyyənləşdirilmişdir?

Əmək Məcəlləsinin 91-ci (qısaldılmış iş vaxtı), 92-ci (əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti) və 93-cü (xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı) maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. 

Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb olunmuş işçilərin əməyinin ödənilməsi qaydası necə tənzimlənir?

İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

  • əməyin vaxtamuzd ödənilmə sistemində (neçə saat işləyirsə) gündəlik tarif maaşının 2 mislindən aşağı olmamaqla;
  • əməyin işəmuzd ödənilmə sistemində (gördüyü işin həcminə görə) ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
  • aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Hazırladı: Rəvanə Mehdili

Oxunub: 3468