Şəraitin önəmli dəyişməsi (II yazı)

Ənnağı Hacıbəyli, hüquqçu

Sorğu

Hər şey ondan başlandı ki, kredit işləri içərisində boğulan, vətəndaşların söyüş-qarğışından bezmiş Bakı Apellyasiya Məhkəməsi (BAM) Konstitusiya Məhkəməsinə (KM) bu məzmunda sorğu verdi:

“1. Mülki dövriyyə iştirakçılarının bərabərliyi prinsipindən yanaşıldıqda milli valyutanın devalvasiyası kredit üzrə borcluya münasibətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab oluna bilərmi?

2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi?

3. Bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir?”

Sorğu mükəmməl deyil, hətta deyərdim ki, hüquq və məntiq baxımından xeyli qüsurludur. Əslində KM qarşısında yalnız bir sual qoyula bilərdi: “Milli valyutanın kəskin devalvasiyası kredit müqavilələri üzrə münasibətlərdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi sayıla bilərmi?” Mən, Allah eləməmiş kimi, hakim olsaydım, heç bu sualı da verməzdim. Sadəcə hakim hüququndan yararlanaraq icraatımdakı iş üzrə qanunvericiliyə təfsir verərək mübahisəni həll edərdim və bunu məhz şəraitin önəmli dəyişməsi ilə əsaslandırardım.

Nəyə görə ikinci və üçüncü sualları qüsurlu sayıram?

“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kredit münasibətlərində tətbiq edilə bilərmi” sualının nədən yarandığını anlamıram. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin əsaslarını nizamlayan normalar MM-in VI bölməsində, “Öhdəlik hüququnun ümumi hissəsi”ndə, “Müqavilə hüququ” fəslində 4-cü paraqrafda yerləşdirilib. Bu o deməkdir ki, şəraitin önəmli dəyişməsindən danışan 422-ci maddə müqavilə hüququnun ümumi müddəasıdır və bütün müqavilələrə aiddir. İkinci, bu maddədə və kredit münasibətlərini nizamlayan normalarda istisna müəyyən edən norma yoxdur. Belə olan halda bu sual hansı zərurətdən yaranıb? Məgər KM yeni norma müəyyən edərək bu məsələni nizamlaya bilərdi? BAM-ın hakimləri sorğu hazırlayanda MM-i oxumayıblarmı?

Üçüncü, “bu əsasla ləğv edilmiş müqavilənin nəticələri hansı qaydada tənzimlənməlidir” sualı da mənasızdır, çünki MM-in 423-cü maddəsi “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası”, 424-cü maddəsi isə “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin nəticələri” adlanır. Bu maddələrin mükəmməl olduğunu iddia etmək doğru olmazdı. Buna baxmayaraq, bu maddələr əslində sorğunun üçüncü sualına cavab verir, sadəcə onları diqqətlə oxumaq və birbaşa tətbiq etmək gərək idi. Bir də ki, qanunvericiliyin yırtıqlarını yamamaq KM-in səlahiyyətində deyil və hətta onun da pinəçi səviyyəsinə endirilməsi düzgün deyil.

Konstitusiya Məhkəməsinin “arqumentləri”

Birinci yazı yazılarkən mənə bəlli olan KM sədrinin bir neçə cümləlik açıqlaması idi. İlkin reaksiya olaraq birinci yazıda dediklərim daha çox ümumi, ilkin reaksiya idi. Oxucuya söz vermişdim ki, KM-in qərarındakı arqumentlər bəlli olanda onlara münasibət bildirəcəm. Qərarla tanış olanda bəlli oldu ki, KM-in hakimləri mənə xeyli yaxşılıq eləyiblər – əslində qərar müəllifləri ciddi əsaslandırmaya ehtiyac duymayıblar: kəskin devalvasiya şəraitin önəmli dəyişməsi sayılmır. Gedin borcunuzu ödəyin. Bu, bir daha göstərdi ki, qərar hüquq aktı deyil.

Hər halda bəzi arqumentlər var və onlara münasibət bildirmək istərdim.
KM yazır: “Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edirlər. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur”.

Müqavilələr, o sıradan kredit müqaviləsi tərəflərin təkcə balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunmur. Təsadüfi deyil ki, MM-də müqavilənin tərəfləri “kontragent”, “qarşı tərəf” adlandırılır və onların hətta həmin müqavilə ilə bağlı maraqları müqavilədə uzlaşdırılmış maraqlarla qapanmır. Bu qüsurlu yanaşmanı bir tərəfə qoyaq və başlıca məsələyə diqqət yetirək. Həmin bədnam “balanslaşdırılmış maraq” önəmli dərəcədə dəyişmiş şəraitdə maraqların balanslaşdırılmısını tələb edir. Bu isə hər iki tərəfin maraqlarının nəzərə alınmalı olması deməkdir. KM isə müqavilənin bir tərəfinə 78 qəpiyin müqabilində 1 manat verdiyi halda, qarşı tərəfə çürük qoz da vermir. KM-in balansı Femida xanımın tərəzisinin pozulmuş tarazlığına pərsəng ola bilmir. Siyasi sifariş o qədər sərtdir ki, KM hətta ənənəvi tövsiyə acizliyindən də vaz keçməli olub.

Hüquq ədəbiyyatında göstərildiyi kimi, şəraitin önəmli dəyişməsi ilə bağlı məhkəmələr o halda müqavilə münasibətlərinə müdaxilə edə bilərlər ki, dəyişilmiş qeyri-adekvat hallar üzündən öhdəliyin icrası bir tərəf üçün obyektiv olaraq açıq-aşkar qəbuledilməz olsun və vicdanlıq, ədalət prinsiplərinə zidd olsun. KM-in qərarı isə tərəflərin müqavilə ilə və ya onu dəyişdirmək, yaxud ləğv etməklə balanslaşdırmağa cəhd etdiyi maraqları uzlaşdırmağa daha da mane olur.

Ədalət naminə deyim ki, bu məsələdə tərəflərdən hər hansı birinin tərəfini tutmaq ən yanlış mövqedir. Borcluların tərəfini tutmaqla KM bank sektorunun, sonucda iqtisadiyyatın çökməsinə səbəb ola bilərdi. İndiki kimi, bankların xeyrinə qərar verilməsi borcluların müflislişməsinə – iş adamlarının və vətəndaşların var-yoxdan çıxmasına, intiharlara, ölkədə sosial gərginliyin artmasına gətirib çıxarır. Bu özü də dolayısı ilə iqtisadiyyata ciddi zərbə vurur. Lakin sifarişçi bundan narahat deyil; bu qərar oliqarxiyanın mənafeyinə xidmət edir, orta və xırda biznesin müflisləşməsi isə onlara ziyandan çox xeyir gətirir. Xalqı düşünən hakimiyyət orta mövqe tuta bilərdi – ziyan bank sektoru, borclu və büdcə arasında bölüşdürülə bilərdi.

KM daha sonra yazır: “Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Şəraitin önəmli dərəcədə dəyişməsi gözlənilməz xarakter daşımalıdır, bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün gözlənilməz olmalıdır”.

Hər üç cümlənin əlavə şərhə ehtiyacı var.

Birinci cümlə mahiyyətcə düzgün olsa da, əslində məqsədli şəkildə istifadəyə hesablanıb. KM qərarına haqq qazandırmaq üçün ondan yararlanacaq. Bu barədə bir qədər sonra.

İkinci cümlədə işlədilən “gözlənilməz” izahı, yumşaq desəm, qanuna uyğun şərh deyil. Qanun (MM-in 422.1-ci maddəsi) deyir ki, “Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar”. KM üçün şəraitin dəyişməsinin tərəflər üçün gözlənilməz və ya ağlabatan şəkildə qabaqcadan görülməsi mümkün olan hal olmasının fərqi olmaya bilər. Amma arxalı banklardan fərqli olaraq, yetim borclu üçün bu, çox önəmlidir. Üstəlik, KM-dən fərqli olaraq qanun məhz o bədnam balanslaşdırmanı, tərəflərin bərabərliyini, müqavilə azadlığını, dispozitivlik prinsipini rəhbər tutaraq şəraitin dəyişməsini ağlabatan şəkildə qabaqcadan görmənin mümkünlüyü ilə bağlayır. Mülki dövriyyənin iştirakçıları savad, praktika, peşəkarlıq, başqa parametrlərlə eyni olmadıqlarından qanun orta meyara – ağlabatanlıq kriteriyası ilə yanaşmaya üstünlük verir. Nəhayət, şəraitin dəyişməsi gözlənilməz haldırsa, nəyə əsasən KM hesab edir ki, biznesmənlə yanaşı Fatmanisə və Ocaqqulu da ABŞ dollarının kursunun kəskin şəkildə dəyişəcəyini gözləməli idilər. O vaxtlar heç Azərbaycanın döşünə döyən iqtisadçıları da kəskin devalvasiyanı proqnozlaşdıra bilmirdilər.

Hüquq ədəbiyyatında ağlabatanlıqdan daxili və xarici kriteriya kimi istifadə olunur; o, hüquq tətbiq edən subyektin qiymətləndirici anlayışların məzmununu müəyyən edərkən istifadə etdiyi daxili meyar, belə anlayışdan yararlanan normanın gerçəkləşdirilməsi zamanı hüquq münasibəti iştirakçısının davranışının xarici qiymətləndirilməsi zamanı məhkəmə baxışının miqyası kimi çıxış edir. Ona görə də şəraitin önəmli dəyişməsini ağlabatan şəkildə öncədən görmənin mümkünlüyü müəyyən edilərkən müqavilə tərəfləri və məhkəmə o mümkünlüyü obyektiv qiymətləndirməlidirlər. Bu zaman şərait, dəyişikliyin mahiyyəti və miqyası, onun mümkün nəticələri, tərəflərin mənafeyi ilə uzlaşması və s. hallar nəzərə alınmalıdır. Sadə şəkildə desək, dəyişmiş şərait müqavilə bağlandığı şəraitdən o dərəcədə fərqlənir ki, müqavilənin icrası mümkünsüzləşir və onun dəyişdirilməsi və ya ləğvi zərurətə çevrilir.

MM-in 422.2.3-cü maddəsini qərarına köçürən KM buna heç bir şərh vermir. Orada deyilir: “Müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı”. Qanun birmənalı şəkildə deyir ki, bu halda müqavilə məhkəmə qaidasında ləğv edilə bilər. Görünür, KM hesab edir ki, 78 qəpiklə müqavilə bağlayan tərəfin 1 manat 70 qəpik ödəməsi “borclunun əmlak mənafeləri nisbətini o dərəcədə pozmur və maraqlı tərəfə o qədər də zərər vurmur”.

Üçüncü cümlənin universal şərh kimi düşünüldüyünü güman etsək də, onun bu halda belə şərhini anlamaq çətindir. Birinci, bu halda şəraitin dəyişməsi borclu üçün daha gözlənilməz sayılmalıdır, çünki o, əksər hallarda sadə vətəndaşdır. İkinci, şəraitin dəyişəcəyi bank üçün gözlənilməz olmayıbsa (əslində belə də olub), deməli, bu halda o, gözlənilməzliyə istinad edə bilməz və ya müqavilə bağlayarkən qanunun (MM, m. 425.1) vicdanlı olmaq prinsipini pozub. Bu halda isə bank yox, borclu müdafiə olunmalıdır. Nəsə düz gəlmir, cənab hakimlər.

“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və başqa faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”sə manatın 78 qəpikdən 1.70-ə qədər devalvasiyası zamanı nə dəyişməyib? Manat nə qədər dəyərdən düşməli idi ki, “ölkədə mövcud olan iqtisadi, hüquqi və başqa faktorlar əhəmiyyətli dərəcədə dəyişsin”?

KM-in fikrincə, “manatın məzənnəsinin dəyişməsini tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz”, çünki “AR Mərkəzi Bankı manatın xarici valyutalara nisbətdə məzənnəsini mütəmadi müəyyən edir və elan edir”. Bu hissə qərarın ən biabırçı, “ali konstitusiya ədalət mühakiməsi orqanı”na yaraşmayan hissəsidir. Adam bu absurda şərh verməyə də utanır. Bunun mətləbə nə dəxli var? Mövcud məzənnə ilə müqavilə bağlamış şəxsin gələcəkdə göyə dırmaşacaq məzənnəni görə bilməsi ilə Mərkəzi Bankın səlahiyyəti arasında nə əlaqə var? Nəhayət, yuxarıda diqqət çəkdiyimiz “gözlənilməzlik nəzəriyyəsi” məhz bu nəticənin çıxarılması üçün kəşf edilmişdi. Deməli, “manatın məzənnəsinin dəyişməsi gözlənilməz hal deyil və şəraitin əhəmiyyətli dəyişməsi meyarına cavab vermir”. Bərəkallah, qurulmuş sxemin mükəmməlliyinə söz ola bilməz: şəraitin dəyişəcəyi bütün sort borcluların ağlına batmasa da onlar bunu gözləməli idi.

“Borcalanlar krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini üzərlərinə götürüblər”. Kredit götürənlərdən neçə faizinin bu risk barədə təsəvvürü var? MM-in 13-cü maddəsindən sahibkarlıq riskini çıxarmış dövlət kreditə girmiş sahibkarın öz üzərinə risk götürdüyünü hansı əsasla iddia edir? Manatın dollardan da sabit olması barədə kütləvi təbliğatın getdiyi, ölkə başçısı, Mərkəzi Bankın rəhbərinin rəsmi bəyanatları şəraitində hansı real riskdən, kəskin devalvasiyadan, gözləntidən, hətta ağlabatan şəkildə qabaqcadan görmədən söhbət gedə bilər?

Bir sözlə, kəskin devalvasiyanın şəraitin önəmli dəyişməsi sayılmamasının heç bir hüquqi əsası yoxdur və əks nəticə mülki qanunvericiliyin yanlış, məqsədli təfsiridir.

Ümumiyyətlə, bu sorğunun verilməsi və belə cavablandırılmasının özü bəzi suallar doğurur. KM-in 2015-ci il 14 may tarixli qərarında bu suallara əslində cavab verilmişdi və bank sahibləri problemi öz xeyirlərinə həll etmişdilər. Mahiyyətcə eyni məsələnin yenidən gündəmə gətirilməsinin bir səbəbi ola bilərdi: görünür, öncə fərqli qərarın vacibliyi dərk olunub və belə bir sorğu verdirilib. Lakin sonradan hakimiyyət dairələrində qərar dəyişdiyindən KM-in də qərarının taleyi həll olunub. Çünki yuxarıdan göstəriş olmadan məhkəmələrin belə təşəbbüsdə bulunması inandırıcı görünmür.

Yazı müəllifin facebook səhifəsindən götürülüb.