Mühafizə orderi nədir və onu necə almaq olar?

Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Mühafizə orderi məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu mümkün təhlükələrdən qorumaq üçün verilir.

Zərərçəkmiş şəxsə iki cür – qısamüddətli və uzunmüddətli mühafizə orderi verilə bilər.

Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, yerli icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. Qısamüddətli mühafizə orderi 24 saat ərzində zərərçəkmiş şəxsin qeydiyyatda olduğu müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən şəxsə 60 gün müddətinədək verilir. Məişət zorakılığı törətmiş şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması və zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir.

Əgər bu qadağalara riayət edilməzsə, zərər çəkmiş şəxs, müvafiq yerli icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 60 gündən 180 gün müddətinədək verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir. Ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısının alınması, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.

Uzunmüddətli mühafizə orderində  aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:

  • məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
  • yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
  • zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
  • mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər. Şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırmır.

Benefisiar.org