Ramiz Mehdiyevin kürəkəninə həbs cəzası verildi (Foto)

sabiq deputat
İlham Əliyev

Bu gün Abşeron rayon Məhkəməsində keçirilən prosesdən sonra sabiq deputat İlhаm Əliyev əlləri qandallı şəkildə jurnalistlərin qarşısına çıxarılıb.
“Report” xəbər verir ki, o, sadəcə susaraq dayanıb.

Sabiq deputat “peşmansınızmı?” sualına cavab verməkdən imtina edib

Xatırladaq ki, bu gün İ.Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb. Qərara əsasən, adıçəkilən şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, onun qudası Rövşən Mustafayev də 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.

Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, İlham Əliyev bir neçə gün öncə Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy edib.

Həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.