Koronavirusla bağlı bu rayonda postlar qoyuldu

Karantin rejimi ilə əlaqədar Sabirabadda polis şöbəsi və Daxili Qoşunların əməkdaşları tərəfindən reydlər keçirilir.

Sabirabad polis şöbəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Aqşin Tağıyev APA-nın Mil-Muğan bürosuna bildirib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən oktyabrın 14-də saat 00:00-dan etibarən Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalaqayın və Kürkəndi kəndlərinə giriş-çıxışlar məhdudlaşdırılıb.

Rayon ərazisində 9 stasionar post və 5 marşrut üzrə piyada postları yaradılıb.

Sabirabad Rayon Polis Şöbəsinin, həmçinin ətraf rayon polis şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Bundan əlavə şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.

Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Postu

Polis postu

Əvvəlki məqaləKoronavirusla əlaqədar bu şəhərin giriş-çıxışlarında postlar quruldu
Növbəti məqaləKarantinlə bağlı bu rayon və şəhərlərdə yeni şərt müəyyənləşdi