Hava nəqliyyatında COVID-19 pasportu tələb olunacaq?

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycandan yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir.

Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

Yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

Azərbaycan vətəndaşlarına münasibətdə – uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərir.

Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj emal zonasında UV şüa cihazı ilə dezinfeksiya edilir.

Bundan başqa, Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilir. İndiyədək aviaşirkətin qaydalarına əsasən, yalnız bəzi şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilirdi.

Uçub gedən hava gəmiləri və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb də ləğv edilib.

Əvvəlki məqaləMilli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb – SİYAHI
Növbəti məqaləBu analiz ilə COVID-19 pasportu almaq olmaz