VHİ məhkəmə rüsumları və cərimələri ilə bağlı qanun layihəsini tənqid etdi

 

VHİ
Vətəndaş İnstitutunun loqosu

Vətəndaş Hüquqları İnstitutu (VHİ) yeni məhkəmə rüsumları və cərimələri ilə bağlı açıqlama yayıb. Bu barədə Benefisiar.org-a VHİ-dən məlumat verilib.

Açıqlamada bildirilir:

Azərbaycan Respublikası Milli Məclisinin yaydığı məlumata görə Milli Məclisin 25 iyun 2021-ci il tarixli plenar iclasında “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsinə və Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsinə dair qanun layihələrini I oxunuşda müzakirə ediləcək. Vətəndaş Hüquqları İnstitutu (VHİ) hazırkı mərhələdə bu qanun layihələrində nəzərdə tutulmuş aşağıdakı düzəlişləri ədalət mühakiməsi hüququnun təmin edilməsinə problem yaradacağını yəqin edərək tənqid edir. Həmin düzəlişlərin müxtəsər məğzi aşağıdakı kimidir:

– “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan dövlət rüsumlarının miqdarı artırılır;

– Mülki Prosessual Məcəllənin 174-cü maddəsinə edilən dəyişikliyə əsasən məhkəmədə işə baxan hakim təqdir (diskresion) səlahiyyəti əsasında açıq-aşkar əssasız vəsatət və şikayət verən yaxud işin gedişatına maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manata kimi cərimələmək səlahiyyəti əldə edəcək.

Qanunvericiliyə edilən bu dəyişikliklərlə bağlı qeyd edək ki, bu dəyişikliklər Azərbaycan Respublikası sakinlərinin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və ölkədə yaşayan əcnəbilərin) onsuz da ağır vəziyyətdə olan məhkəmə müyəssəriliyi (məhkəməyə çatımlılıq) hüququnu pisləşdirir və məhkəmədə təmsilçilik hüququnun səmərəli həyata keçirilməsi üçün çəkindirici effekt yaradır.

İlk növbədə, onu vurğulayaq ki, Azərbaycanda əhalinin maddi rifah vəziyyəti dövlət rüsumlarının bu qanun layihəsində nəzərdə tutulan qaydada artırılması ilə uzlaşmır. Dövlət rüsumu məfhumu məhkəmə müyəssərliyi (çatımlılığı) hüququna qoyulan məhdudiyyətlərdən biridir və onun ağlabatan səviyyədə tətbiqi ümumavropa standartıdır. Lakin dövlət rüsumlarının dərəcələri müəyyənləşdirilərkən və onun differensiallaşdırılması həyata keçirilərkən əhalinin maddi rifah səviyyəsi nəzərə alınmalıdır. Əks halda (yəni əhalinin maddi rifah səviyyəsi nəzərə alınmadığı halda) dövlət rüsumları məhkəmə müyəssərliyi hüququnun qarşısındakı əsassız maneələrdən birinə çevriləcək. Nəzərə alsaq ki, məhkəmə müyəssərliyi ədalət mühakiməsinin başlanğıcıdır, bu halda məhkəmə müyəssərliyinin təmin olunmaması ədalət mühakiməsi hüququnun tamamilə sıradan çıxarılması yaxud da aztəminatlı və hətta orta təminatlı əhali üçün ağır yükə çevrilməsi mənasına gələcək.

Qeyd edək ki, praktikada olan iddiaların çoxu 1000 manatdan 20000 manata qədər olan iddialar yaxud qiymətləndirilməyən iddialardır. Qiymətləndirilməyən iddialar üçün dövlət rüsumunun miqdarı 100 manat müəyyənləşdirilməsi planlaşdırılır. 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar üçün artım o qədər əhəmiyyətli olmasa da, 10000 manatdan 20000 manata qədər olan iddialar üçün artım ağırdır (120 manat).

Vurğulayaq ki, Azərbaycanda ortastatistik işçilərin orta aylıq gəliri 343 manatla 707 manat arasında dəyişir. Nəzərə alsaq ki, məhkəmə işləri üçün həmçinin vəkil orderi və vəkilə etibarnamə verilməsi xərcləri daxildir (bu miqdar birinci instansiya məhkəməsi üçün 150 manat civarında olur), həmçinin vəkilin xidmət haqqı ödənilməlidir, bu halda dövlət rüsumlarının bu səviyyədə artırılması əhalinin əksəriyyətinin maddi rifahı ilə uzlaşmır. Hökumət qiymətləndirilməyən iddialar üçün çox yuxarı məbləğ təyin edib. Eləcə də 1000 manatdan 10000 manata qədər qiymətləndirilən iddialar və 10000 manatdan 20000 manata qədər qiymətləndirilən iddialar üçün nəzərdə tutulan məbləğdə əhali üçün əlavə yük yaradır. Əhalinin çoxluğuna əlaqədar edən məhkəmə iddialarının çoxunun bu sahəyə aid olması nəzərə alınmalıdır.

Yuxarıda qeyd edilənlər əsasında dövlət rüsumlarının hazırda müəyyən edilən miqdarlarının Azərbaycan kontekstində əhalinin maddi rifahı ilə uzlaşmadığını müəyyən etmək mümkündür.

Qanunvericiliyə digər bir düzəliş isə tərəfin və ya onun nümayəndəsinin və ya vəkilinin 500 manata qədər cərimələnməsi riskidir. Qeyd edək ki, qanuna görə bu cür cərimələnmə açıq-aşkar əsassız vəsatətlər və şikayətlər verildikdə yaxud işin gedişatına maneçilik yaradıldıqda hakim tərəfindən diskresion səlahiyyət əsasında təyin edilə bilər. Bu müddəanın hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət yaratdığı vurğulanmalıdır. Dəfələrlə Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda hakimlər tərəfindən hüquqi müəyyənlik prinsipinin pozulması hallarını və diskresion səlahiyyətdən sui-istifadə hallarının olması müəyyən edib.

Qeyd edilməlidir ki, vəkillərin gəlir səviyyəsi Azərbaycanda çox yuxarı deyil. 500 manata kimi cərimələnmə riski bu baxımdan onların fəaliyyəti üçün ciddi hədələyici effekt yaradır. Nəzərə alınmalıdır ki, hazırkı layihədə “açıq-aşkar əsassız”lığın konkret meyarları, eləcə də “işin gedişatına mane olma”nın çərçivələri müəyyən edilməyib. Bundan əlavə, məhkəmə təcrübəsində belə meyarlar və çərçivələr dəqiqləşdirilməyib. Belə halda hakimlər tərəfindən vəkillik fəaliyyətindən legitim istifadəyə görə bu müddəadan sui-istifadə halları baş verə bilər. Qeyd edək ki, əvvəllər məhkəmələr vəkillərin legitim fəaliyyətinə görə onlar barəsində Vəkillər Kollegiyasına əsassız şikayətlər veriblər. Hazırda isə bu müddəadan vəkillərin əleyhinə sui-istifadə edə bilərlər.

Göstərilən halları nəzərə alaraq ya cərimənin miqdarı ağlabatan miqdarda təyin edilməli ya da yeni dəyişiklikdə göstərilən konseptlərin (açıq-aşkar əsassızlıq və işin gedişatına mane olma) meyarları daha konkret və aydın müəyyən edilməlidir.

Nəticə etibarilə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması planlaşdırılan qanun layihələri ədalət mühakiməsi hüququna, o cümlədən məhkəmə müyəssərliyi və məhkəmədə təmsilçilik hüququna ciddi maneələrdir.

Həmçinin nəzərə alınmalıdır ki, bu qanun layihələri əhalini maraqlandırdığı halda qabaqcadan ictimai müzakirə olunmadan Milli Məclisin plenar iclasına çıxarılır. Bu isə prosessual ədalətlilik prinsipinə ziddir.

Yuxarıda sadalananlara əsasən hesab edirik ki:

– Bu qanun layihələri (Dövlət rüsumu haqqında Qanun və Mülki Prosessual Məcəlləyə dəyişikliklər) Milli Məclisin plenar iclasından çıxarılmalı və ictimai müzakirə məqsədləri üçün təxirə salınmalıdır;

– Dövlət rüsumunun ədalətli dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq elmi-iqtisadi araşdırma aparılmalı və rüsum dərəcələri məhkəmə işlərinin spesifikasına, sayına və əhalinin maddi imkanlarına uyğun hesablanmalıdır;

– Məhkəmə cərimələrinin miqdarı daha aşağı və ağlabatan miqdarda müəyyən edilməli və bu cərimələrin tətbiqi üçün meyarlar daha aydın və konkret dəqiqləşdirilməlidir.

Əvvəlki məqaləKassasiya şikayətlərinin hədləri 2000 manatdan 5000 manata qaldırılır
Növbəti məqaləYazılı icraat institutu yaradılır