Tarif Şurasının son qərarı nə ilə nəticələnə bilər? – İqtisadçılar bu barədə danışıblar

“Təbii qazın qiymətinin qalxması yaxın zamanlarda elektrik enerjisinin, ictimai nəqliyyatda gedişhaqlarının da artmasına gətirib çıxaracaq”.

İqtisadçı Qubad İbadoğlu belə deyir.

İyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası olub.

Qurumun açıqlamasına görə, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq qərar qəbul edilib.

Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib.

Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 faizə yaxın artması nəticəsində xərclərin yüksəlməsi göstərilib.

Tarif Şurası da tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Qubad İbadoğlu bildirib ki, Tarif Şurasının sədri Mikayıl Cabbarovun imzası ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Şuraya müraciəti əsasında əhali qrupu üçün qazın qiyməti bahalaşdırılıb, hətta ən yüksək tarif sənaye və kənd təsərrüfatı müəssisələrindən də 5 qəpik baha təyin edilib: “Bu artımdan ən çox təsirlənən əhali qrupu indiyə qədər 2200 kub metrə qədər qaz və 1200 kub metrdən çox qaz istehlakı olan əhali qrupu olacaq. Onlar bundan 1200 kub metrdən 2200 kub metrə görə qazın hər kubuna əvvəlki kimi 10 qəpik deyil, 20 qəpik ödəyəcəklər. Qazın qiymət artımı elektrik enerjisinin də bahalaşmasına gətirib çıxaracaq. Çünki hazırda elektrik stansiyalarının 85 faizi qazla işləyir, onlar üçün əvvəlki qiymət 1 qəpik bahalaşıb”.

İqtisadçı deyir ki, Rövnəq Abdullayev Azərbaycan xalqına sonuncu “xidməti”ni də göstərdi, bundan sonra onu rahatlıqla istirahətə yola salacaqlar: “Eyni ssenarini “Azərsu”da tətbiq etdilər”.

İqtisadçı Rövşən Ağayev isə bildirir ki, əvvəla, 1200 kubadək istehlakı olan 51 faiz abonent heç də iddia edildiyi kimi 5 milyon nəfər əhali demək deyil. Aşağı istehlakı olan abonentlərdə əhalinin daha az hissəsi yaşayır: “O səbəbdən ki, bu kateqoriya kiçik ölçülü evlərdir. Məsələn, rəsmi statistikaya görə, ölkədə mövcud olan bütün mənzillərin (2.2 mln. mənzil) 1 mln-u və ya 45%-i 1 və 2 otaqlı mənzillərdir. Yəni mənzil fondunun az qala yarısını təşkil edən 1-2 otaqlı mənzillərdə əhalinin yarısının yaşaması real deyil. Ona görə də rəsmi əsaslandırma sənədində istifadə olunan fakt etibarlı və dəqiq olmalıdır”.

İqtisadçının fikrincə, 51% abonentin real olaraq neçə ailə üzvündən ibarət olması, ümumi qaz istehlakının neçə faizinin onların payına düşməsi ilə bağlı dəqiq faktlardan istifadə edilsəydi, yaxşı olardı: “Digər tərəfdən, aşağı istehlak kateqoriyasına düşən abonentlərin heç də hamısında yaşayış yoxdur. Xüsusilə də Bakı, Xırdalan kimi məkanlarda yeni tililən binalarda sayğaclar qoyulsa da, xeyli sayda mənzil boşdur. Amma statisitaka bu mənzillərin sahibləri aşağı istehlak kateqoriyasında sayı artırır”.

Rövşən Ağayev deyir ki, qaz təsərrüfatında zərərin büdcədən qarşılanması ilə bağlı əsaslandırma yetərli arqument və faktlarla göstərilməyib. Əvvəla, qaz təsərrüfatının maliyyə fəaliyyətilə bağlı ətraflı maliyyə hesabatları yoxdur. Məsələn, “Azərsu”-nun timsalında məlum oldu ki, zərərin şişməsinin fundamental səbəblərdən biri aktivlərin dəyərsizləşməsi və əsas vəsaitlərin amortizasiyası xərclərinin həddən artıq nəhəng məbləğ təşkil etməsidir: “Bir sıra peşəkar auditorlar da bu xərc maddələrinin bəzi hallarda subyektiv amillər səbəbindən şişirdilməsi, nəticədə isə zərərin böyüdülməsi üçün münbit imkanlar açdığını qeyd edirlər. “Azəriqaz”-ın isə ayrıca hesabatı yoxdur. Əgər olsa idi, satışların maya dəyəri və satışlardan əldə olunan gəlirlər hesabına ümumi mənfəəti, müxtəlif xərc növləri və əməliyyat zərərinin ümumi həcmi, eləcə də zərəri formalaşdıran xərc maddələri barədə məlumatları görmək mümkün olardı. Yalnız görünən odur ki, hər 1000 kubmetr qazın istehsal maya dəyəri 70 manatı ötmür ki, bu da əhaliyə satılan qiymətdən əhəmiyyətli dərəcədə aşağıdır. Güman ki, zərər nəqli sistemində yaranır”.

İqtisadçı bildirir ki, qaz təsərrüfatı dövlət büdcəsindən hər il böyük subsidiya alır. Amma nə qədər alır? Niyə ictimaiyyət şəffaf şəkildə bunları görə bilməməlidir – eləcə də zərəri yaradan xərc maddələrini: “İndiki halda qaz nəqli təsərrüfatını təcili olaraq dövlətsziləşdirmək lazımdır. Dövlətdən fərqli olaraq özəl subyekt investisiya xərclərini daha şəffaf idarə edəcək, mənfəət qazanmaq üçün daha effektiv xərcləyəcək, nəticədə zərərini üfürüb şişərdərək vətəndaşın cibinə yükləməyəcək”.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, 2020-ci ilin məlumatlarına əsasən, əhalinin 21%-i hətta 2200 m3 limiti belə keçib. Yəni əhalinin ən azı 65-70%-i yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50% üçün qiymət artacaq, 50% isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək: “Əvvəla, əhalinin lap 50% üçün də qiymət artımı olsa belə, bu indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Çünki, əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətinin yüksəltmək üçün vəsaiti qalmır, qazancını ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir”.

Onun sözlərinə görə, bu gün rəsmi rəqəmlərə görə əhali qazancının 55%-ni ərzağa, 25%-ə yaxınını isə kommunal xidmətlərə xərcləyir. Bu da toplamda 80% edir: “Dünyada qazancının 25%-dən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır, bu indikatora görə əhalinin 80%-i bizdə kasıbdır. Elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb – bu isə o deməkdir ki, növbəti addım elektrik enerjisi qiymətinin artırılması olacaq”.

Natiq Cəfərli deyir ki, ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb – bu isə, demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək: “Hökumət gözdən pərdə asmaq üçün “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib – əhalinin 90%-ə yaxını mərkəzləşdirilmiş istilik sitemindən mərhumdur, məhz ona görə də bu addımı gözdən pərdə asmaq kimi dəyərləndirmək lazımdır. İlin əvvəlindən başlayan dizel, bensin, içməlisi su, indi isə təbii qaz, bir müddət sonra elektrik enerjisi və ictimai nəqliyyatda qiymət artımı ölkədə sosial gərginliyi artıracaq əsas amildir”.

Onun fikrincə, ərzaq inflyasiyasının real hesablamalarda ikirəqəmli həddə çatması da bu gərginliyi artıran amildir: “Nə istəyir hökumət? Nədən insanların canını boğazına yığmağa çalışır? Nədən oturduğu bütün budaqları kəsməyə çalışır?”

Natiq Cəfərli bildirir ki, Azərbaycanda 1994-cü ildə imzalanmış “Azəri-Günəşli-Çıraq” yatağı ilə bağlı neft sazişinə görə, həmin platformalarda əldə edilən səmt qazı ölkəmizə pulsuz verilir. Platformada iş başlayandan 2020-ci ilə qədər, təqribən, 40-45 mlrd. m3 təbii qaz ölkəmizə, SOCAR-a pulsuz verilib: “2021-ci ilin ilk rübundə, yəni, yanvar-mart aylarında ABƏŞ (Bp-nin operatoru olduğu əməliyyat şirkəti) SOCAR-a 1 mlrd. m3 səmt qazını pulsuz verib. Ölkə əhalisinin təbii qazdan istifadəsi, ilə, təqribən, 4,5 mlrd. m3-dir (istehlakın 48%-ə yaxını Bakı və Abşeronun payına düşür), hər il ABƏŞ, ortalama 2,5-3 mlrd. m3 qazı SOCAR-a pulsuz verir, Rövnəq müəllimin qohumlarının şirkəti səmt qazının ancaq daşınması üçün cüzi xərc çəkir. Deməli, ABƏŞ bu il SOCAR-a 1 mlrd. m3 pulsuz qaz verib, SOCAR isə utanıb qiyməti aşağı salmaqdansa, əhali üçün qiyməti qaldırır”.

İqtisadçı deyir ki, hökumət 2020-ci ilin avqustunda İnvestisiya Holdinqi yaradanda elan etmişdi ki, dövlət şirkətlərinin idarəetməsini optimallaşdıracaq, izafi xərcləri azaldacaq, effektivliyini artıracaq – amma 1 ildə heç nə etmədilər: “Bir tək Müşahidə Şurası yaratdılar ki, onlar da nə işlə məşğul olduğunu heç özləri də bilmir: Əgər SOCAR-ı Müşahidə Şurası idarə edirsə Rövnəq müəllim və dost-qohumları nə işlə məşğuldular? Yox əgər SOCAR-ı hələ də Rövnəq müəllimgil idarə edirsə, bu Müşahidə Şurası nəyə lazımdır?” (Meydan TV)