Telefonları qanunsuz dinləyən şəxsləri hansı cəza gözləyir?

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa ictimai fəalların telefonlarının izlənməsinə dair yeni araşdırma yayıb.

Həmin xəbərdə iddia edilir ki, Azərbaycan dövlət orqanları tərəfindən jurnalistlərə və aktivistlərə qarşı İsrailin kiber-izləmə qurğularını istehsal edən NSO Group şirkətinin casus proqramından istifadə edib.

Bununla əlaqədar Benefisiar.org dövlət orqanları (hüquq mühafizə orqanları) tərəfindən Azərbaycanda şəxsi həyat hüququna dair konstitusion hüquqi təminatları, vəzifəli şəxslər tərəfindən şəxsi həyat hüququnun pozuntusu olduqda onlara qarşı nəzərdə tutulan cəza tədbirlərini təqdim edir.

Konstitusiyanın 32-ci maddəsinin III və IV hissələrimə əsasən aşağıdakı şəxsi həyat hüququ təminatları nəzərdə tutulur:

– Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

– Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər

“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əsasən bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün məhkəmə qərarı tələb edilir.

Əməliyyat-axtarış fəaliyyətinin subyektləri telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, insanların güdülməsi əməliyyat-axtarış tədbirlərini, bir qayda olaraq, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirə bilərlər.

Bu qaydanın istisnası, yəni hakim qərarı tələb olunmayan təxirəsalınmaz hallar aşağıdakılardır:

– şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər;

– cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər.

Hətta bu hallarda belə əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər.

Cinayət Məcəlləsi 155-ci maddəsinə əsasən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmaq qadağan edilir:

Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Cinayət Məcəlləsi 156.2.1-ci maddəsi ilə vəzifəli şəxs tərəfindən şəxsi həyat hüququnun pozulmasına görə hüquqi məsuliyyət müəyyən edilir

Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 302.2-ci maddəsi əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti olan subyektlərin yol verdiyi qanunvericiliyin pozuntularına görə cinayət məsuliyyəti nəzərdə tutur:

Əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Benefisiar.org

Əvvəlki məqaləProkurorluq işçiləri ilə bağlı fərman imzalandı
Növbəti məqaləKarantin rejiminin müddəti uzadıldı