Milli Məclis əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılmasını təsdiqlədi

Azərbaycanda müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.

“Report”un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.

Bu ödəniş əvvəlki redaksiyada 35 ay sığorta stajına görə verilirdi.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Əvvəlki məqaləİşsizlikdən sığorta ilə bağlı bu müddət ləğv edilir
Növbəti məqaləBüdcədənkənar fondların hüquqi şəxs olmasına dair tələb ləğv edilir