Güzəştli mənzili kimlər və necə əldə edə bilər?

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirmək məqsədilə Mənzil İnşaat Dövlət Agentliyi (publik hüquqi şəxs) yaradılıb.

Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

MİDA MMC-nin əsas məqsədi sərəncamına verilmiş, bağladığı mülki-hüquqi əqdlər və fəaliyyəti əsasında əldə etdiyi torpaq sahələrindən, habelə digər əmlakdan səmərəli istifadə etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacını güzəştli qaydada ödəməkdən və mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ötrü müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdir.

Güzəştli mənzili kimlər əldə edə bilər?

İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 3.2-ci maddəsinə görə aşağıdakı şəxslər güzəştli şərtlərlə ipoteka krediti ala və ya güzəştli şərtlərlə mənzil əldə edə bilərlər:

Yaşı 35-dən çox olmayan gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

  1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2.Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları);

  1. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı, övladları);
  2. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  3. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  4. Ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  5. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  6. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
  7. Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Yaşından və ailə vəziyyətindən asılı olmayan digər şəxslər:

  1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
  2. Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  3. Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular;
  4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
  5. Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
  6. Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
  7. Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.

Güzəştli mənzili necə əldə etmək olar?

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasının 3.1-ci maddəsinə görə mənzil güzəştli qiymətlə, ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq ilkin razılıq qərarı əsasında ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir.

Güzəştli mənzil əldə edərkən əsas məqamlar: 

  • Mənzilin güzəştlə əldə edilməsi üçün şəxs yalnız gücləndirilmiş elektron imza sertifikatı (Asan imza və ya elektron imza) ilə elektron qaydada “Elektron hökumət” portalında (e-gov.az) bütün xidmətlər xanasında Mənzil İnşaat Dövlət Agentliyi bölməsini seçməklə, daha sonra “Güzəştli mənzil” elektron altsisteminə daxil olmaqla müraciət edə bilər.
  • Müraciət edən şəxs elektron qaydada müraciət edə bilmədikdə, müraciəti onun adından etibarnamə almış şəxs göndərə bilər.
  • Müraciətlər real vaxt rejimində “Güzəştli mənzil” elektron sistemində qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. Müraciətçi mənzil əldə etmək nəzərdə tutulmuş kateqoriyaya aid olduqda həmin şəxs sistemdə qeydiyyata alınır və müraciətin qeydiyyata alınma nömrəsinə uyğun olaraq ona elektron kabinet verilməsi barədə qərar, əks halda elektron kabinet verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilir. 
  • Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Həmin vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
  • Mənzil ipoteka kreditinin hesabına alındıqda, agent bankın verdiyi kreditin məbləği satış qiymətinin 90 faizindən çox olmamalıdır.
  • Mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyən elektron kabinet verilmiş şəxs “Güzəştli mənzil” sistemi vasitəsilə “Elektron ipoteka və kredit zəmanət” sisteminə yönəldilir və “Elektron ipoteka və kredit zəmanət” sistemində onun qeydiyyatı yoxdursa, şəxs həmin sistemdə avtomatik qeydiyyata alınır. Bu barədə “Güzəştli mənzil” sistemi vasitəsilə şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirilir.
  • Daha sonra həmin şəxs ilkin razılıq qərarının alınması üçün agent banka müraciət etməli və ipoteka kreditinin verilməsi Qaydası ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Elektron kabinet verilmiş şəxs agent bankdan aldığı ilkin razılıq qərarını “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.
  • Mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
  • Yalnız layihə üzrə tikinti işlərinin 30 (otuz) və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər.
  • Elan satışın başlanması tarixinə ən azı 30 (otuz) gün qalmış verilməlidir.
  • Elektron kabinet verilmiş şəxs barəsində elan verilən yalnız bir mənzili seçə bilər. 
  • Elektron kabinet verilmiş şəxs bir elan çərçivəsində gözləmə qaydasında da yalnız bir mənzili seçə bilər.

Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 1398

Əvvəlki məqaləMənzillərdəki kombilər ləğv ediləcək? – RƏSMİ AÇIQLAMA
Növbəti məqaləTurizmlə bağlı yeni dövlət standartı qəbul edilib