Nazirlik yeni əlillik meyarlarının pensiya alan şəxslərə təsirini açıqladı

“Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər pensiya alan şəxslər üçün heç bir fərq yaratmayacaq. Həmin şəxslər eyni qaydada ödənişlərini ala biləcəklər”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin əlillik dərəcələrinin yeni meyarlarda qeyd olunan faiz dərəcələrinə uyğunlaşdırılması sistem tərəfindən avtomatik olaraq dəyişdiriləcək.

Şöbə müdiri söyləyib ki, əlilliyin yeni meyarlarla təyinatı məsələsində müddətlər ödənişlər üzrə sistemdən götürüləcək: “Həmin ödənişlərlə 10 illik əlilliyə görə müavinət alan şəxslərin müddətsiz əlillik təyinatı ilə bağlı qərar veriləcək”.

O xatırladıb ki, bəzən müddətlə bağlı müəyyən problemlər olur: “Misal olaraq, şəxsin son müalicəsi yazılsa da, ondan əvvəlki müalicə müddəti qeyd edilmirdi. Bundan sonra ödəniş tarixi ilə sistemə baxmaq mümkün olacaq”.