Maliyyə naziri: “Beynəlxalq Bankın özəlləşdirilməsi müəyyən hazırlıq işləri tələb edir”

“Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması prosesi, bankın balansında olan toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırılıb”.

“APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov məlumat verib. Onun sözlərinə görə, bu prosesin başa çatdırılması ABB-nin özəlləşdirilməsi məsələsinin aktuallaşmasına imkan verir. S.Şərifov bildirib ki, ABB-nin özəlləşdirilməsi prosesinin keçirilməsi müəyyən hazırlıq işləri tələb edir. “Yəni, bankın maliyyə vəziyyəti artıq tam sabitdir. Bank 2017-ci ilin yekunlarına dair auditdən keçmiş maliyyə hesabatlarını dərc etdirəcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli bir banka, instituta çevrilib. Beləliklə, özəlləşdirilmə ilə bağlı hazırlıq işlərinə start verilə bilər. Bu, vaxt aparan bir prosesdir. Çünki, bunun üçün müxtəlif variantlardan biri seçilməlidir və müvafiq dövlət orqanları, ilk növbədə özəlləşdirmə ilə məşğul olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, bankın rəhbərliyi və digər dövlət qurumları bu məsələ ilə məşğul olacaqlar”, – deyə S.Şərifov vurğulayıb.

Özəlləşdirilmə zamanı ABB-nin törəmə müəssisəsi “Azərikard” MMC-nin taleyinə gəlincə, nazir qeyd edib ki, bu qurum fəaliyyətini davam etdirəcək.