VHİ məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericiliyə təkliflər hazırlayıb

Vətəndaş Hüquqları İnstitutu (VHİ) Azərbaycanın məişət zorakılığının qarşısının alınması sahəsindəki qanunvericiliyinin beynəlxalq insan hüquqları standartlarına, xüsusi ilə Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) və Qadınlara qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyası (CEDAW) ilə nəzərdə tutulmuş tələblərə uyğunlaşdırılması məqsədi ilə bir sıra qanunlara dəyişiklikər təklifləri hazırlayıb. Bu barədə VHİ məlumat yayıb.

Qanunvericiliyə təklif edilən dəyişikliklər müvafiq qanunlarda müəyyən maddələrin ləğv edilməsini, dəyişdirilməsini və qanunlara yeni maddələrin əlavə edilməsini əhatə edir. Əlavə və dəyişikliklər məişət zorakılığının qarşısının alınması haqqında qanununa, həmin qanunun tətbiqi ilə bağlı Prezident Fərmanına,  inzibati xətalarcinayət məcəllələrinə, həmçinin cinayət prosessualmülki prosessual məcəllələrə təklif edilir.

Əlavələr və dəyişikliklər məişət zorakılığından zərərçəkmiş şəxsləri daha yaxşı müdafiə ilə təmin etmək, zorakılıq törədənləri təsirli şəkildə cəzalandırmaq və bu sahədə dövlətin öhdəliklərini yerinə yetirməsini təşviq etmək məqsədi güdür.

Təkliflərdə məişət zorakılığının qarşısının alınması haqqında əsas qanuna yeni anlayışların daxil edilməsi ilə yanaşı bir çox digər yeniliklər var. Bu yeniliklər əsas qanunda ayrıseçkiliyin qadağası və zorakılıq barədə məlumat verən şəxslər haqqında konfidensiallığın qorunması kimi ümumi prinsipləri, zərər çəkmiş şəxslərin müdafiəsinin möhkəmləndirilməsi üçün mühafizə orderi sisteminin yenilənməsini əhatə edir. Yeniliklərə zərər çəkmiş şəxslərin hüquqlarının siyahısının qanunda aydın şəkildə göstərilməsi, bu sahədə müraciətlərə baxan orqanların səlahiyyətlərinin artırılması və dəqiqləşdirilməsi, həmçinin zorakılıq törədənlər və müraciətlərə baxan vəzifəli şəxslərin məsuliyyətinin əhatə dairəsinin genişləndirilməsi daxildir.

Bundan başqa qanunvericilik aktlarına edilən digər təkliflər məişət zorakılığı zəminində törədilən bir sıra əməllərin kriminallaşdırılmasını və iş üzrə araşdırma aparılarkən zərərçəkmiş şəxslərin ikinci dəfə zərərə məruz qalmaması üçün xüsusi prosedurların tətbiqini nəzərdə tutur.

Qanunvericilik aktlarına təklif edilən bu əlavələr və dəyişikliklər Vətəndaş Hüquqları İnstitutunun internet səhifəsində (www.vhi.az) müqayisəli cədvəldə yayımlanıb.

“Bütün vətəndaş cəmiyyəti təşkilatlarını, bu sahədə ixtisaslaşmış mütəxəssisləri, hüquqşünas və vəkilləri, məişət zorakılığının qarşısının alınması, qadınlara qarşı gender əsaslı zorakılıq üzrə fəaliyyət göstərən bütün maraqlı tərəfləri qanuna edilən dəyişikliklərə dair öz təklif və qeydlərini Vətəndaş Hüquqları İnstitutu ilə bölüşməyə dəvət edirik” deyə, VHİ-nin yaydığı məlumatda bildirilir.

Qanunvericiliyə edilən dəyişikliklərlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Qanunvericiliyə dəyişikliklərə dair Müqayisəli Cədvəl

Benefisiar.org