İşçilərin peşə hazırlığı ilə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

İş yerlərində işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi təmin ediləcək.

“Report” xəbər verir ki, bu, “Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəni dövlət başçısı qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim edib.

Ölkəmizin uğurlu inkişafının əsaslarından biri müasir texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların bilik və bacarıqlarının artırılması yolu ilə yüksək peşəkarlığa malik kadr potensialının yaradılmasıdır. Məcəllədəki dəyişikliklər də məhz bu sahədə müasir əmək bazarının mövcud resurslarından məqsədyönlü istifadə edilməsinin hüquqi tənzimlənməsini nəzərdə tutur.

Təklif olunan dəyişikliklər nəticəsində iş yerlərində işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi, habelə ixtisasının artırılması stimullaşdırılacaq.