Gömrüklə bağlı bu qaydalara dəyişiklik edilib

Nazirlər Kabineti 12 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, xüsusi gömrük prosedurları çərçivəsində həyata keçirilən əməliyyatların uçotunun yazılı forma ilə yanaşı elektron formada aparılması imkanının yaradılması nəzərdə tutulur.

Əli Əsədovun imzaladığı digər yeni qərarla Nazirlər Kabineti 14 yanvar 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib.

Qərara əsasən, malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi əsasında həmin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi imkanının yaradılması nəzərdə tutulur.