Məcburi ehtiyatlara görə maliyyə sanksiyası tətbiq etməsi qaydası müəyyən olunur

Azərbaycan Mərkəzi Bankının (AMB) məcburi ehtiyatın təmin edilməməsi səbəbindən maliyyə sanksiyası tətbiq etməsi qaydası müəyyən olunacaq.

“Report” xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, maliyyə sanksiyasının məbləği məcburi ehtiyatın təmin edilməməsi aşkar edildiyi gündən 5 iş günü müddətində bu halın aşkar edildiyi gün üçün müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır və kredit təşkilatının AMB-dəki milli valyutada olan müxbir hesabından, bu hesabda kifayət qədər vəsait olmadıqda AMB-dəki xarici valyutada olan müxbir hesablarından (məcburi ehtiyatın təmin edilməməsinin aşkar edildiyi gün üçün AMB-nin rəsmi məzənnəsinə uyğun olaraq) tutulur.

Məcburi ehtiyatlar normasının təmin edilməməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, AMB-nin İdarə Heyəti (İH) müvafiq kredit təşkilatının açıq bazar əməliyyatlarında iştirakını və ya ayrı-ayrı bank əməliyyatları aparmasını məhdudlaşdırmaq hüququna malikdir.

Hər hansı kredit təşkilatında AMB-nin tətbiq etdiyi likvidlik normativlərindən kəskin kənarlaşma halında AMB-nin İH-nin qərarı ilə həmin kredit təşkilatı məcburi ehtiyatların saxlanması tələbindən müvəqqəti azad edilə bilər.