Taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşdi

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumu tutulacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən isə yalnız Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün Dövlət rüsumunun tutulduğu hallar sırasında yer alıb.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyənləşib.

Belə ki, yeni rüsumların aşağıdakı kimi olacaq:

– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün- 125 manat

– bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 25 manat

– Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi – 250 manat

– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi – 75 manat

– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi -3000 manat.

Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.