Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar İnzibati Xətalar Məcəlləsinin (İXM) 29-cu fəslində göstərilib.

İXM-nin 327-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən törədilən inzibati xətaların bir qismi əks olunub:

  • Belə ki, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə – 40 manat məbləğində cərimə nəzərdə tutulur.
  • “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə;
  • velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə;
  • Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə;
  • Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə;
  • Avtomagistrallarda və 5.3 nişanı ilə işarə olunmuş yollarda texniki sürəti 50 km/saatdan az olan nəqliyyat vasitələrinin hərəkət etməsinə, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərinin ikinci zolaqdan sonrakına keçməsinə, geriyə dönməyə, geriyə hərəkət etməyə və sürmə təlimi keçməyə görə ;
  • Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə – 100 manat məbləğində nəzərdə tutulur.
  • Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə –150 manat məbləğində cərimə nəzərdə tutulur.
  • Balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.
  • Zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə – 300 manat məbləğində cərimə nəzərdə tutulur və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır.

İXM-nin 338-ci maddəsində piyadaların törətdiyi inzibati xətalar öz əksini tapmışdır .

Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:

  • piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
  • yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına;
  • qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə – 20 manat məbləğində cərimə nəzərdə tutulur.
  • Nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə – 20 manat məbləğində cərimə nəzərdə tutulur.
  • Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə – 40 manat məbləğində cərimə nəzərdə tutulur.
  • Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə – 30 manat məbləğində cərimə nəzərdə tutulur.
  • Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə;
  • sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına;
  • Yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına;
  • Sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə;
  • nasaz velosipeddən istifadə etməyə;
  • piyadaların hərəkətinə maneə yaradılmasına;
  • keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə – 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Benefisiar.org