Avropa Məhkəməsi gənc fəalların şikayəti ilə bağlı qərarını açıqlayıb

İyunun 7-də Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş siyasi məhbuslar, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin keçmiş üzvləri Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli və Rəşadət Axundovla bağlı qərarını açıqlayıb.

Məhkəmə adı çəkilən şəxslərin barəsində Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 (şəxsi azadlıq hüququ) və 18-ci (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozulduğunu tanıyıb.

Onların hər birinə mənəvi zərərə görə 20 000 avro, məhkəmə məsrəflərinə görə 3000-5000 avro kompensasiya ödənilməsinə dair qərar verilib. Qərar bu ictimai fəalların 2013-cü ildə barələrində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı verilib.

Rəşad Həsənov və Üzeyir Məmmədlinin vəkili Əsabəli Mustafayev, Rəşadət Axundovun vəkili Rəşid Hacılı, Zibeydə Sadıqova, Zaur Qurbanlının vəkili Xalid Bağırovdur.

Qərarda göstərilir ki, gənclərin hüquqları yerli məhkəmələr tərəfindən pozulub.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatının fəalları Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə), 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddələri ilə ittiham olunublar.

Amnesty İnternational onları “vicdan məhbusu” kimi tanıyıb.

İlkin Rüstəmzadədən başqa digər fəallar müfaviq müraciətdən sonra hakimiyyət tərəfindən əfv olunub.

Turan İnformasiya Agentliyi