Nicat Məmmədbəyli: “Aparteid siyasi rejimlərə xas əməllərdən qaçmaq lazımdır”

Hüquq müdafiəçisi Azərbaycanda vəkilliyin və insan haqlarının durumundan danışıb

 Polşada ATƏT-in insan haqları və demokratiyaya dair illik konfransı keçirilib. Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBAHRI) təşkilatçılığı ilə Varşavada Azərbaycanda vəkillik institutunun durumu müzakirəyə çıxarılıb. Həmçinin Varşavada ATƏT-in insan haqları ilə bağlı iclası da keçirilib. İclasda çıxış edən ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak ifadə, sərbəst toplaşma və dini etiqad azadlığına görə bir sıra ölkələrlə yanaşı Azərbaycanı da tənqid edib. Bu arada Avropa Şurası Parlament Assambleyası Hüquq komissiyası AŞ ölkələrini “Maqnitski aktı”nın analoqunu qəbul etməyə çağırıb.Bütün bu məsələlərlə bağlı hüquq müdafiəçisi Nicat Məmmədbəyli ASTNA-nın suallarına cavab verib.

 

-Nicat bəy, ondan başlayaq ki, sentyabrın 12-də Polşada ATƏT-in insan haqları və demokratiyaya dair illik konfransı çərçivəsində vəkillik institutunun durumu müzakirə olunub. Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun təşkilatçılığı ilə Varşavada keçirilən konfransda digər ölkələrlə yanaşı Azərbaycanda vəkillik institutunun durumu da müzakirə olunub. Və həmin tədbirdə siz də iştirak etmisiniz. Tədbirlə bağlı mümkünsə bir qədər geniş məlumat verin. Azərbaycanda vəkillik institutunun durumu ilə bağlı tədbir iştirakçılarının fikirləri də maraqlıdır.

-Tədbirdə yalnız Azərbaycandakı vəkillik institutunun hazırki vəziyyəti deyil, həmçinin Rusiya, Belarus, Tacikistan və Qazaxıstanda vəkillərə və müstəqil hüquqşünaslara yönələn təzyiqlər müzakirə olunub. İştirakçılar arasında Fransa və Almaniyanın ATƏT-dəki daimi nümayəndəliyinin rəhbərləri də olub. Çıxışımda da qeyd etdiyim kimi, mən orada son illərdə Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən və buna görə də təzyiqlərə, həmçinin diskriminasiyaya məruz qalmış vəkil və hüquqşünasları təmsil etmişəm. İlk öncə VK-nın institusional olaraq azad bir qurum olmamasından, son 1 ildəki dəyişikliklərin isə yalnız kosmetik xarakter daşımasını vurğuladıqdan sonra ötən il nümayəndəlik institutunun ləğvi və bu qərarın mənfi nəticələri, eləcə də VK üzvlüyünə qəbul imtahanı zamanı şifahi mərhələdən bilərəkdən keçirilməyən gənc həmkarlarımın üzləşdiyi ayrı-seçkilik faktını qeyd etmişəm. Beynəlxalq standartlar bir kənara, hətta regionda vəkil sayına görə qonşu ölkələrdən geridə qaldığımızı da vurğulamışam. Əlavə olaraq son illərdə siyasi işlərdə vəkillik edən və buna görə də VK üzvlüyündən xaric edilən Yalçın İmanov, fəaliyyətləri müvəqqəti dayandırılan vəkillər Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyevin üzləşdiyi ədalətsizlikləri tədbir iştirakçılarının diqqətinə çatdırmışam. Son olaraq isə vəkillərin etik davranış kodeksindəki onların ifadə azadlığı və effektiv müdafiə mexanizminin təşkilini məhdudlaşdıran müəyyən müddəaların olmasını da qeyd etmişəm.

-Tədbirdə iştirak edən digər ölkələrdə də durum Azərbaycandakı kimi idi? Yoxsa onlar Azərbaycanda baş verənləri təəccüblə qarşılayırdılar?

-Aşağı-yuxarı eyni durumdayıq. Daha pis və repressiv şərait altında fəaliyyət göstərən, habelə haqlarında saxta ittihamlarla cinayət işi açılan və həbsə məhkum edilən xarici həmkarlarımız var.

-Yeri gəlmişkən, sentyabrın 18-də Varşavada ATƏT-in insan haqları ilə bağlı iclası keçirilib. İclasda çıxış edən ABŞ nümayəndə heyətinin rəhbəri Maykl Kozak da Azərbaycandakı durumu tənqid edib. Yəni, onların gözündə heçmi pozitiv bir şey yoxdur?

-Mövcud durum ilə bağlı hüquqi və siyasi müstəvidə hansısa pozitiv irəliləyiş olsaydı güman ki, Maykl Kozak bunu çıxışında qeyd edərdi. Əbəs yerə cənab Kozak Azərbaycandakı insan haqları durumu ilə bağlı ilk çıxışına siyasi motivli həbslərin hələ də davam etməsi və məhkəmə sisteminin azadlığının sual altında olması ilə başlamadı. Qeyd etdiyi faktlara nəzər salsaq, görərik ki, siyasi təzyiqlərə məruz qalmış İlqar Məmmədov, İntiqam Əliyev, Xədicə İsmayılova hər üçü saxta ittihamlarla məhkum edildikdən sonra ölkədən çıxışlarına da qadağa qoyulub. İkinci çıxışında M. Kozak azad medianın boğulması və jurnalist Əfqan Muxtarlının Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilməsi və sonradan həbs edilməsinə toxunub. Bundan əlavə, cənab Kozak Azərbaycanda təqib olunan insanların işgəncələrə və qeyri-insani rəftara məruz qalmasını da qeyd edib. Bloger Mehman Hüseynovun şiddətə məruz qalmasının effektiv araşdırılmaması məsələsinə toxunan M.Kozak, həbsxanada işgəncə və qeyri-insani rəftara məruz qalan Abbas Hüseynov və Cabbar Cabbarovun da adını da xüsusi vurğulayıb. Onsuz da bu faktlar ictimaiyyətə həmin insanların məhkəmə iclasları zamanı verdikləri ifadələrdən də məlum oldu. Bir sözlə, çıxış tutarlı faktlar üzərində qurulmuşdu və ölkədəki hazırki insan haqları durumunun düşdüyü bərbad vəziyyəti əks etdirirdi.

-Adətən bu tənqidləri Azərbaycan hökuməti qəbul etmir. Əslində, Qərblə münasibətlərin yavaş-yavaş istiləşməyə doğru getməsi üçün edilən bəzi cəhdlər fonunda ard-arda belə tənqidlərin gəlməsi birmənalı qarşılanmır. Siz nə düşünürsünüz? Ola bilərmi, bu tənqidlər həmin münasibətləri daha da gərginləşdirməyə xidmət etsin?

-İnsan haqları kontekstində edilən haqlı tənqidlər münasibətlərin gərginləşməsinə səbəb olmamalıdır. Ortada tutarlı faktlara dayanan tənqid varsa, araşdırılıb aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu cür tənqid üçün səbəblər yaradılmamalıdır. Aparteid siyasi rejimlərə xas əməllərdən qaçmaq lazımdır. Siyasi və ictimai fəalların, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının təqib olunduğu, saxta ittihamlarla həbs olunduğu, şiddətə və qeyri-insani rəftara məruz qoyulduğu ölkənin rəhbərliyi əlbəttə ki, tənqidə məruz qalacaq. Eyni zamanda da düşünmürəm ki, bu tənqidlərdən nəticə çıxarılacaq. Bu sualınızı cavablayarkən AİHM-in İntiqam Əliyevin işi ilə bağlı açıqladığı qərarı oxudum. Strasburq məhkəməsi 4 maddə üzrə pozuntu aşkar edib və bu maddələrdən biri də Konvensiyanın 18-ci maddəsidir. Xatırladım ki, 18-ci maddənin pozuntusu üzrə rekord Azərbaycanın adı ilə bağlıdır və 8 fərqli işdə bu maddənin pozuntusu aşkarlanıb. Nəinki Avropa İnsan Haqları Məhkəməsin qərarlarında və ya Avropa Şurasının mövqeyində, bütövlükdə beynəlxaq institutlar, eləcə də təşkilatlar son illərdə Azərbaycanda insan haqları ilə bağlı durumun ürəkaçan olmadığını dilə gətirməkdə davam edirlər. Təbii ki, bir müddət sonra bu hal nəinki münasibətlərin gərginləşməsinə, hətta beynəlxalq səviyyədə ölkənin imicinə neqativ təsirini də göstərəcək, necə ki artıq göstərməkdədir.

-Avropa Şurası Parlament Assambleyası Hüquq komissiyası AŞ ölkələrini “Maqnitski aktı”nın analoqunu qəbul etməyə çağırır. Sizcə, belə bir sənədin Azərbaycana şamil edilməsi lazımdırmı? Sizcə, belə bir sənədin qəbulu Azərbaycan kimi ölkələrdə hansısa müsbət gəlişməyə səbəb ola bilərmi?

-İlk öncə qeyd edim ki, bu layihənin müzakirəsi gələn ilin yanvarında AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılacaq. Hələ 2016-cı ildə Avropa parlamentində təmsil olunan 5 böyük partiyanın 51 üzvünün də imzaladığı və sonradan Avropa Komissiyasına ünvanladığı müraciətdə Avropa İttifaqının “Maqnitski aktı”nı reallaşdırılması məsələsi gündəmə gətirilmişdi. Eyni məsələ bir il sonra, 2017-ci ildə Avropa parlamentinin üzvü və ALDE-nin sədri Guy Verhofstadt tərəfindən də Avropa Şurası qarşısında qaldırılıb, lakin indiyə qədər layihə ilə bağlı bir qəti qərar qəbul edilməyib. Bildiyiniz kimi, qlobal “Maqnitski aktı” ilk dəfə ABŞ-da qəbul edilib və bu akt beynəlxalq insan haqlarını pozmaqda təqsirli bilinən, habelə bu əmələ dəstək verən və korrupsiyada əli olan xarici rəsmilərə viza verilməsindən imtina etmək və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir. “Maqnitski aktı”nın Aİ üçün keçərli olacaq analoq layihəsinin qəbul edilib-edilməyəcəyi haqda bir fikir yürütmək hələ ki tezdir. Amma mövzu illərdir ki, aktuallığı qoruyub saxlayır. Azərbaycan rəsmilərinə tətbiqi məsələsinə gəldikdə isə gələcəkdə belə bir layihə Aİ tərəfindən qəbul edilsə, təbii ki, həm də insan haqlarının pozulmasında rolu olan Azərbaycan rəsmilərinə də tətbiq edilə bilər.