Bəşir Süleymanlı: “Dövlət qurumları hüquq maarifçiliyi sahəsində iş aparmır” (Video)

VHİ-nin direktoru: “Bizim institut çalışır ki, bu məsələlərlə bağlı on-layn qaydada müəyyən yardımlar etsin”

 

Vətəndaş Hüquqları İnstitutunun direktoru Bəşir Süleymanlı Amerikanın Səsinə müsahibəsində ölkədə hüquq maarifçiliyi sahəsində problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda əhalinin hüquqi savadlılığının artırılması ilə bağlı işlər aparılırmı?

Bəşir Süleymanlı: Əvəllər bununla bağlı müəyyən işlər aparılırdı. Vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları həm Bakı şəhərində, həm də bölgələrdə müəyyən layihələr həyata keçirirdi. Təəssüflər olsun ki, son illər vətəndaş cəmiyyətinin fəaliyyəti məhdudlaşdırıldığına görə bu istiqamətdə kifayət qədər işlər aparılmır. Yalnız on-layn, yəni sosial media şəbəkəsi üzərindən bunu etmək mümkündür. Bu da əhalinin bütün təbəqəsini tam əhatə etmir. Dövlət qurumları isə bu sahədə hələ ki elə də maraqlı deyil. Çünki vətəndaşların bilikləri artanda onlar daha çox tələblər irəli sürür.

Amerikanın Səsi: Ölkədə cinayətlərin təxminən nə qədəri əhalinin qanunvericiliyi bilməməsindən törədilir?

Bəşir Süleymanlı: Bu çox ağrılı məsələdir. Əslində cinayətkarlığın artması və insanların cinayətkarlığa meylli olması hüquqi savadsızlıqdan yaransa da, bu həm də sosial durumla, ədalətsizliklə bağlıdır. İnsanlar problemlərini hüquqi çərçivədə həll edə bilmədikdə, yəni məhkəmələrdə mübahisələndirə bilmədikdə və yaxud da dövlət qurumlarından şikayətlərinə adekvat cavab ala bilmədikdə, sosial vəziyyəti pis olduqda cinayətkarlığa meyllənir. Burada təhsilin də rolu böyükdür. Təhsil sisteminin pis vəziyyətdə olması da cinayətkarlığın artmasına və yaxud bu istiqamətdə meyllənməni və yaxud da insanların, o cümlədən kəndlilərin cinayətkar aləmə meyllənməsini artırır.

Amerikanın Səsi: Əvvəllər vətəndaş cəmiyyəti institutları ölkədə, xüsusilə regionlarda hüquq maarifçiliyi sahəsində işlər aparırdı. Hazırda vətəndaş cəmiyyəti hüquq maarifçiliyi sahəsində iş aparırmı?

Bəşir Süleymanlı: Bu sahə demək olar ki, məhdudlaşıb. Bölgələrdə bu istiqamətdə cüzi şəkildə, bəlkə də yox səviyyəsində fəaliyyət aparılır. Yalnız Dövlət Dəstəyi Şurasından maliyyə dəstəyi alan QHT-lər, hansı ki hökumətin nəzarəti altında fəaliyyət göstərir, onlar iş aparır. Onlar da çox kiçik auditoriyanı əhatə edir və davamlı deyil. Digər QHT-lərin maliyyələşmə olmadan bu fəaliyyəti həyata keçirməsi mümkünsüzdür. Bu da vətəndaşları demək olar ki, hüquqi maarifçilikdən, hüquqi yardım almasından kənarda saxlayır. Vətəndaşlar yalnız vəkillər vasitəsi ilə hüquqi yardım ala bilər. Bu da kifayət qədər maliyyə tələb edir. Demək olar ki, maliyyələri olmadığına görə vətəndaşlar, xüsusilə də kasıb təbəqə yardımdan kənarda qalır. Hansı ki, kasıb təbəqənin hüquqi yardımlara daha çox ehtiyacı var. Digər tərəfdən media da maarifləndirici sosial çarxlar yaya bilmir, maarifləndirici kampaniyalar həyata keçirə bilmir. Medianın həm maddi durumu çətindir, həm də bürokratik əngəllər var. Onların bölgələrə çıxış imkanları yoxdur ki, davamlı olaraq bölgələrə gedib vətəndaşların problemlərini araşdırsınlar. Sosial problemlərlə bağlı reportajlar hazırlasınlar. Bu imkanların olmadığına görə vətəndaşların hüquqi yardım alması maarifləndirməsi məhdudlaşır.

Amerikanın Səsi: Nümayəndəlik institunun ləğvindən sonra əhalinin hüquqi yardım almasına hansı institutlar kömək edir?

Bəşir Süleymanlı: Nümayəndəlik institutu vətəndaşların hüquqi maariflənməsinə çox kömək edirdi. Çünki bu institut kasıb əhalinin daha çox müraciət etdiyi ünvün idi. Bu ləğv olunandan sonra kasıb təbəqə demək olar ki, bu hüquqlardan məhrum olmuş bir vəziyyətə düşüb. Çünki vəkilllər vergi odəyicisi olduğuna, həm də order xərcləri tələb edildiyinə görə hüquqi yardım üçün daha çox maliyyə tələb edir. Həm məhkəmələrdə təmsilçiliklə bağlı, həmçinin sadə ərizə və şikayətlərin yazılması və yaxud hansısa bir hüquqi yardımın göstərilməsi üçün vətəndaşdan maliyyə tələb edir. Bu da kasıb təbəqənin imkanları xaricindədir. Əsasən də bu bölgələrdə özünü daha qabarıq göstərir. Təsəvvür edin ki, bir informasiya və ya hüquqi yardım almaq üçün minimum 10 manat tələb edirlər. Bu da bölgələrdə yaşayan bəzi vətəndaşların imkanı xaricindədir. Onlar bu hallarda sosial müavinətlərin verilməsi və digər məsələlərlə bağlı hüquqi yardım ala bilmirlər. Bizim institut çalışır ki, bu məsələlərlə bağlı on-layn qaydada müəyyən yardımlar etsin.

Müsahibənin video versiyasına burda baxa bilərsiniz.