100-dən çox hakim işdən çıxarılıb

Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.
 
Bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, hakimlər vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıblar.
 
Bildirilir ki, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apelyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş zona müşavirəsi keçirilib.
 
Tədbirdə ölkədə korrupsiyaya qarşı sərt mübarizənin aparıldığını vurğulayan F.Məmmədov məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməzliyini diqqətə çatdırıb. Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmamasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı qeyd olunaraq belə halların insanları narazı saldığı, şikayətlər doğurduğu bildirilib.
İşdən kənarlaşdırılan hakimlərin adları açıqlanmayıb.
 
Hüquqşünas Ələsgər Məmmədli 100-dən çox hakimin işdən kənarlaşdırılmasına belə münasibət bildirib:
 
 
“Yəni tam 135 hakim yararsız elan edilib. Məhkəmənin elektron portalında ölkədə fəaliyyədə olan bütüb hakimlərin sayı 474 nəfərdir. Deməli, hakim korpusunun 29 faizi  qanunları pozub, dövlətin ona verdiyi səlahiyyətlərdən sui-istifadə edib. Bu, hər üç hakimdən biri deməkdi”.
 
 
Ə.Məmmədli məsələni ədalət mühakiməsinin mövcud vəziyyəti barədə ciddi siqnal adlandırıb.
” Bu qədər problemli olan  ədalət sistemində bir də nümayəndəlik institunu ləğv edərək, vətəndaşları bu hakimlərin əlində daha da çarəsiz vəziyyətə qoymaq, o insanlara başqa yol tanımamaqdır. Ədaləti dövlətin çətiri altında tapmayan toplum, onu başqa yerdə axtarmağa başlar. Bir an öncə məhkəmə sisteminin müstəqilliyini təmin edən və vətəndaşlara həqiqi ədaləti verən sistemə keçilməlidir,” – deyə hüquqşünas fikrini tamamlayıb. (Toplum TV)