Notariuslarla bağlı qanun dəyişdirilir

“Notariat haqqında” qanuna dəyişiklik təklif edilir.

Benefisiar.org Milli Məclisin saytına istinadən xəbər verir ki, dəyişiklik təkliflərinə əsasən notarius olmaq üçün ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 3 ildən az olmayaraq iş stajına, mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik Azərbaycan vətəndaşı olmalıdır.

Xatırladaq ki, əvvəlki redaksiyada 3 il iş stajı tələb olunmurdu.

Digər bir təklifə görə isə Notariat Palatası yaradılacaq. Palata notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olaraq fəaliyyət göstərəcək.

Notariat Palatasının işi aşağıdakılar təklif olunur:

1) notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək;

2) notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq;

3) digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

Yeni təklifə əsasən notariuslar artıq əqdləri, etibarnamələri və sənədlərdəki imzaların həqiqiliyini təsdiq edərkən, videoyazı vasitəsilə rəsmiləşdirilməsinə görə, həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində haqq tutacaqlar.

Yeni təklifdə o da qeyd olunur ki, hər bir notariusun elektron imzası olmalıdır.
Dəyişikliyə əsasən, dövlət notariusu vəzifəsi vakant olduqda, həmin vəzifənin icrası Ədliyyə Nazirliyi tərəfindən bu qanunun tələblərinə cavab verən digər ədliyyə işçisinə 18 ay müddətinə həvalə edilə biləcək.

Qanun layihəsi Milli Məclisə prezident tərəfindən göndərilib.

Benefisiar.org