Qubad İbadoğlu: “Vergiləri dəyişmək riskli məsələdir”

“Belə dəyişikliklərin paralel şəkildə vergi, sığorta sistemində və izahatsız aparılması sahibkarlarda çaşqınlıq yaradır”

Milli Məclisin plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiqlənib. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər xeyli müddətdir ki, müzakirə olunur. Eyni zamanda bununla bağlı ictimaiyyətdə bir çaşqınlıq da var. Mediada və sosial şəbəkələrdə yazılanlara görə, nəzərdə tutulan dəyişikliyə əsasən gələn ildən etibarən mülki – hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə gəlirin həcmindən asılı olacaq. Bir çoxları düşünürlər ki, hər kəs qazandığının 25 faizini DSMF-yə ödəməli olacaq. Rəsmi qurumlar isə deyir ki, tikinti və ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum əməkhaqqının 50%-i həcmində – 65 manat, digər şəxslər 25% – 32,50 manat ödəyəcəklər. Vergi qanunvericiliyinə edilən dəyişikliklər barədə ASTNA iqtisadçı-ekspert Qubad İbadoğludan müsahibə alıb.

– Qubad bəy, Milli Məclisin plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunaraq təsdiqlənib. Lakin hələ də mətbuatda bununla bağlı ziddiyyətli şərhlər davam edir. Bu da ictimaiyyətdə bir çaşqınlıq yaradır. Bu ziddiyyət nədən yaranır?

– Fikrimcə, çaşqınlıq aşağıdakı səbəblərlə izah oluna bilər. Birincisi, bu dəyişikliklərin fəlsəfəsi və onu şərtləndirən amillər sadə və izahatlı şəkildə cəmiyyətə çatdırılmır. Əslində Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, vergi ödənişləri dövriyyənin əsasında deyil, əsasən mənfəət bazasında hesablanıb, həyata keçirilsin. Bu da bazar iqtisadiyyatı baxımından çox mühümdür. Çünki müəssisələr xərclərinin cari, operativ və mühasibat uçotunu aparmağa, mənfəətini maksimumlaşdırmağa vərdiş etməlidir. Eyni zamanda Vergilər Nazirliyi bu dəyişikliklərlə özəl bölmənin, xüsusilə də qeyri-neft sektorunun fəaliyyətini təşviq etmək istəyir. Yeri gəlmişkən, qeyd edim ki, cəmiyyətdə birmənalı qarşılanmayan əmək haqqıdan muzdlu işlə bağlı ödəmə mənbəyində vergi və sosial sığorta ayırması istiqamətindəki yeni dəyişikliklər nə dövlət bölməsinə, nə də neft sektoruna şamil olunur. Vergi dəyişikliklərini şərtləndirən amillərə gəlincə, Vergilər Nazirliyi istəyir ki, gizli məşğulluğun leqallaşmasında vergi və sığorta vasitələrindən bir alət kimi yararlansın. Bunu zəruri edən səbəblərə sadələşdirlmiş vergidən büdcə daxilolmalarının az olması, ticarətdə və ictimai iaşədə faktiki dövriyyənin gizlədilməsi, tikintidə mülki-hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərin faktiki vergi və sığorta ödənişlərinin potensiala adekvat olmaması, eləcə də bu sahədə gizli məşğulluğun geniş yayılması daxildir.

İkincisi, cəmiyyət və xüsusilə də fərdi sahibkarlar arasında iqtisadi maarifləndirmə işləri qısa dövrü əhatə edir və zəif gedir. Əslində Vergilər Nazirliyi bu layihəni ən azı 6 ay əvvəl təqdim etməli və parlament müzakirəsinə qədər onunla bağlı izahat işləri aparmalı, müvafiq institutlarla, qeyri-hökumət təşkilatları ilə işləməli, ixtisaslaşmış jurnalistləri məlumatlandırmalı, onlara təlimlər keçməli idi. QHT-lər isə öz növbəsində vergiödəyiciləri ilə, mətbuatla işləməlidirlər. Bu sahədə problemlər həm də bir çox QHT-lərin, eləcə də jurnalistlərin müvafiq bilik və bacarıqlarının olmaması ilə əlaqədardır.

Nəhayət, cəmiyyətin iqtisadi biliklərinin azlığı burada bir daha açıq şəkildə üzə çıxır. Bu bilikləri ilk növbədə orta məktəblər verməlidir. Yuxarı sinif şagirdlərinə “İqtisadiyyatın əsasları” dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər bu proqramla vergi işini də mənimsəməlidirlər. Hesab edirəm ki, bu problemi Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birgə daha operativ həll edə bilər. Yeri gəlmişkən, Təhsil Nazirliyi bu sahədə Vergilər Nazirliyinin əməkdaşı, akademik Akif Musayevin müəllifi olduğu tədris vəsaitlərindən və təcrübəsindən yararlana bilər.

– Yazılanlara görə, “Sosial sığorta haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə əsasən gələn ildən mülki hüquqi xarakterli müqavilələrlə (yəni xidməti müqavilə ilə) işləyənlər üzrə ödəmə gəlirin həcmindən asılı olacaq. Bir çoxları düşünürlər ki, hər kəs qazandığının 25 faizini DSMF-yə ödəməli olacaq. Vergilər Nazirliyi isə deyir ki, tikinti və ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum əməkhaqqının 50%-i həcmində – 65 manat, digər şəxslər 25% – 32,50 manat ödəyəcəklər. Siz bu çaşqınlığı izah edə bilərsinizmi? Konkret olaraq, fiziki şəxslər nə qədər vergi və sosial ödəniş ödəyəcək? Və hüquqi şəxslər nə qədər vergi və sosial ödəniş ödəyəcək?

– İlk növbədə qeyd edim ki, bu sahədəki dəyişikliklər fiziki və hüquqi şəxslərə görə fərqlənmir. Yeni dəyişikliklər dövlət və neft sektoruna şamil olunmur. Yəni, güzəştlər yalnız qeyri-neft sektorunda çalışanlara şamil olunur və 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Bu dəyişikliklərin düzgün izahatı üçün ilk növbədə bilməliyik ki, iqtisadiyyatda çalışanlar 2 statusda fəaliyyət göstərir və fərqlənirlər. 1-ci qrup muzdla işləyənlərdir ki, onlarla işəgötürənlər arasında münasibətlər əmək müqavilələri ilə tənzimlənir. İkinci qrup xidmət müqaviləsi əsasında çalışanlardır ki, onları da özlüyündə 2 qrupda təsnifləşdirmək olar: vergiödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə işləyənlər və ya mülki-hüquqi xidmət müqaviləsi ilə, VÖEN-siz çalışanlar. Nəhayət, dəyişikliklər vergi və sosial sığorta ödənişləri baxımından fərqlənir. Gəlin, onları ayrılıqda nəzərdən keçirək. Birincisi, nəzərə alaq ki, dəyişikliklər yalnız qeyri-neft özəl bölmədə çalışan işəgötürənlər və əmək müqaviləsi ilə işləyənlər üçündür. Muzdla işləyənlərin əməkhaqlarından tutulan vergilər gələn ildən yeni şkala üzrə hesablanacaq. Belə ki, dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərində işləyən fiziki şəxslərin aylıq əməkhaqqı 8 000 manatadək olduqda gəlir vergisi ödənilməyəcək, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14 faiz həcmində vergi öhdəliyi yaranacaq. Sığorta ödənişlərinə gəlincə, əmək müqaviləsi ilə işləyənlər üçün (qeyri-neft özəl sektoru) ciddi dəyişikliklər var. Gələn ildən 200 manatadək əməkhaqqı alanlar üçün sığorta ödənişləri (işəgötürən 22%, işçi isə 3%) əvvəlki qaydada olacaq. Ancaq 200 manatdan yuxarı məbləğ üçün işəgötürən 44 manat + 200 manatdan çox olan hissənin 15 faizini (əvvəllər 22 faiz), işçi isə 6 manat + 200 manatdan çox olan hissənin 10 faizini (əvvəllər 3 faiz) ödəyəcək. Göründüyü kimi işçinin sosial yükü artıb. İşsizlikdən sığorta məbləğində həm işəgötürənə (0.5%), həm də işçiyə (0.5%) münasibətdə dəyişiklik olmayıb. Mülki-hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərlə, yəni VÖEN-i olmayanlarla bağlı qaydalar dəyişməyib. Onlara ödənilən məbləğdən ödəmə mənbəyində əvvəlki kimi 25 faiz tutulacaq. Sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar (VÖEN-i olanlar) üzrə məcburi dövlət sosial sığorta ayırmalarında dəyişiklik nəzərdə tutulur. Belə ki, onlar üçün sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında olacaq. Bu da o deməkdir ki, VÖEN-i olub tikinti və ticarətdə çalışanlar ayda 65 manat, digər sahələrdə çalışanlar isə (məsələn, QHT sektoru, konsaltinq xidməti və s.) ayda 32.50 manat sosial sığorta haqqı ödəyəcəklər. Onların hansı verginin ödəyicisi olması məsələsi dəyişikliklərin maraqlı, eyni zamanda hələ ki tam aydınlaşmamış tərəflərindəndir. Əvvəla qeyd edim ki, onlar artıq sadələşdirilmiş vergiödəyicisi ola bilməyəcəklər. Dəyişikliklər qüvvəyə mindikdən sonra sadələşdirilmiş vergiödəyicilərinin dairəsi xeyli məhdudlaşacaq. Artıq yalnız əhaliyə (VÖEN-i olmayanlara) məhsul təqdim edən pərakəndə ticarət, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları həyata keçirənlər, sabit vergiödəyiciləri (ev qulluqçuları, bağban, bərbər, dərzi, restoranda ofisiant və s.), ictimai iaşə (dövriyyə 200 min manatdan yuxarı, 8 faizlə) və s. sadələşdirilmiş vergiödəyicisi ola biləcəklər. Xidmət müqaviləsi ilə işləyənlər çox güman ki, dövriyyələri kiçik olduğundan mikrosahibkarlıq subyektlərinə aid olunacaqlar. Düzü, bu barədə konkret danışmaq çətindir, çünki hələ Nazirlər Kabineti mikrosahibkarlıq subyektləri üçün meyarları təsdiq etməyib. Əgər xidmət müqaviləsi ilə işləyənlər mikrosahibkarlıq subyekti sayılsa, o zaman onlara gəlirlərinin 75 faizi həcmində güzəşt şamil olunacaq, yalnız gəlirlərinin 25 faizindən 20 faiz vergi ödəyəcəklər.

– Vergilər Nazirliyi hesab edir ki, sosial sığorta ödənişləri sahəsində yeniliklər sahibkarlıq fəaliyyətinin artmasına, iş yerlərinin leqallaşmasına gətirib çıxaracaq. Amma bir çoxları hesab edir ki, bu, gizli iqtisadiyyatın artmasına gətirib çıxaracaq. Bəzi ekspertlərsə əksini düşünür. Yəni, onların fikrincə, bu, şəffaflığa xidmət edəcək. Siz nə düşünürsünüz bu barədə?

– Düşünürəm ki, muzdla işləyənlərə münasibətdə edilən dəyişikliklərdən müəyyən müsbət nəticələr gözləmək olar. Xidmət müqaviləsinə gəlincə, Vergi Məcəlləsində belə fərqləndirmələr aparılmır. Sadəcə, vergi ödəyicisi var, onun çalışdığı sahə var, bəzilərinə münasibətdə dövriyyə müəyyən rol oynayır (məsələn, ticarət, ictimai iaşə və s.), digərlərinə münasibətdə isə gəlirlər, xərclər və onun əsasında hesablanan gəlir, mənfəət, ödənən vergilər var. Təbii ki, vergi islahatlarının nəticəsini zaman göstərəcək. Vergi məsələləri ilə bağlı dəyişikliklər planlaşdırılarkən onun qiymətlərə və tələbə təsirləri hesablanmalıdır. Demək istədyim odur ki, vergiləri dəyişmək riskli məsələdir və bu, hesablamalara əsaslanmalıdır. Düzü, bilmirəm, hökumət belə hesablamalar aparıb, yoxsa yox.

– Bir də 8 min manat söhbəti var. Deyilənlərə görə, 8 min manat qazancı olmayan sahibkarlardan vergi tutulmayacaq. Bunu izah edə bilərsinizmi?

– Bu dəyişiklik sahibkara yox, işəgötürənin işçilərə ödədiyi əməkhaqqıya münasibətdə keçərlidir. Bu barədə müsahibənin əvvəlində geniş danışdım. Dəyişiklik neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergiödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən tutulan vergiyə şamil olunur və 2019-cu il yanvarın 1-dən 7 il müddətində qüvvədə olacaq. Yəni, bunun dövlət və neft şirkətlərində çalışanlara aidiyyəti yoxdur və bu dəyişiklik 2025-ci ilədək qüvvədə olacaq.

– QHT rəhbərləri bildirirlər ki, bu dəyişikliklər yenidən QHT-lərin iş prinsipini pozmaq üçün nəzərdə tutulub. Yəni, konkret hədəfdə onlardır. Bilirsiniz ki, bir çox QHT son vaxtlar xidməti müqavilələrlə fəaliyyət göstərmək məcburiyyətindədir. Onların fikrincə, bu dəyişikliyin məqsədi onları daha çox vergiyə cəlb etməkdir. Bu barədə nə düşünürsünüz?

– QHT-lərin öhdəliklərinə münasibətdə boşluqlar hələ də qalır. Bilirsiniz ki, QHT-lər qeyri-kommersiya fəaliyyəti ilə məşğul olur və mənfəətsiz işləyirlər. Ümumiyyətlə, mən hesab edirəm ki, bu məsələ ilə bağlı Vergi Məcəlləsində müəyyən dəqiqləşmələrə ehtiyac var. Hesab edirəm ki, indiki halda QHT-lər xidmət müqavilələrilə işləməkdənsə qrant müqavilələri ilə işin bərpasına çalışmalıdırlar. Hazırda diqqət qrant müqavilələrinin dövlət qeydiyyatının ləğvinə, xarici donorlarla əməkdaşlığın bərpasına yönəldilməlidir.

– Ümumiyyətlə, bu dəyişikliyin fəlsəfəsi nədir? Bu, hökumətin dediyi kimi, vergi və sosial ödəniş siyasətini asanlaşdırmaqdır, yoxsa prosesin daha da sərtləşdirilməsi?

– Bu dəyişikliklərin fəlsəfəsi istisnasız bütün vergiödəyiciləri üçün vergi ödənişlərinin dövriyyədən deyil, gəlirdən, mənfəətdən həyata keçirilməsi, əmək müqaviləsi ilə işləyənlərin sayının artırılması, sosial sığorta ödənişləri yığımının təşviq olunması üzərində qurulub. Sadəcə, belə dəyişikliklərin paralel şəkildə vergi və sığorta sistemində və izahatsız aparılması sahibkarlarda çaşqınlıq yaradır.